"Azərbaycan-Belarus münasibətləri Ermənistanı dünyaya rüsvay etdi" AÇIQLAMA-ÖZƏL

20 Noyabr 2018 12:23 (UTC+04:00)

“Azərbaycan-Belarus münasibətləri digər ölkələrlə müqayisədə tamamilə fərqli münasibətlər sistemidir. Prezident İlham Əliyevin Minskə səfəri zamanı Belarus dövlət başçısı Aleksandr Lukaşenkonun xalqımız, dövlətimiz haqqında müsbət fikirləri iki ölkə arasında əməkdaşlığın bariz göstəricisidir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

O bildirib ki, biz Azərbaycan-Belarus münasibətlərinə yeni keyfiyyətdə olan münasibətlər kimi yanaşmalıyıq: “Təsəvvür edin ki, Belarus Avropada Azərbaycanın maraqlarını irəliyə aparmaq kimi üzərinə öhdəlik götürüb. Bunun özü Belarusun Azərbaycanın Avropadakı siyasətini yaxından bildiyinin göstəricisidir. Sözügedən ölkə Azərbaycanın Avropadakı siyasətinin güclü olduğunu bilir və bununla da Avropada iştirak payı almağa çalışır. Azərbaycanla Belarus Türkiyədə birgə müəssisə yaratmaq niyyətindədirlər. Verilən açıqlamalara görə, yaxın zamanda bu iş alınacaq”.

M. Əhmədoğlu söyləyib ki, Azərbaycan-Belarus arasında münasibətlər Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münasibətlərində də tamam fərqli mənzərə yaradır: “ Ermənilər Azərbaycan Prezidentinin hər addımına şərh verir. Hətta onlar Belarusun Azərbaycan tərəfindən idarə edildiyini, ölkəmizin KTMT-nin daxili işlərinə ciddi şəkildə müdaxilə etdiyini iddia edirlər. Azərbaycan-Belarus münasibətləri həm də Ermənistanın iç üzünü açaraq, onları dünyaya rüsvay edir. Hazırda dünyanın bəzi yerlərində, xüsusilə də MDB məkanında KTMT məsələsində Lukaşenkonun və ya Paşinyanın qalib gələcəyi məsələsi kifayət qədər ciddi müzakirə olunmaqdadır. Ümumiyyətlə, Belarus hadisələrindən sonra ermənilər hər bir əməllərində, işlərində Azərbaycan prezidenti İlham Əliyevin rolunu axtarırlar”.

Politoloq qeyd edib ki, Azərbaycan-Belarus münasibətləri regionda, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi kontekstindən çox üstün, gözəl prizmada təqdim olunur: “ Bu baxımdan düşünürəm ki, iki ölkə arasında əlaqələr bütün sahələr – siyasi, regional təhlükəsizlik, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, iqtisadi sahələrdə daim inkişaf edəcək”.

İki ölkə arasında hərbi-texniki əməkdaşlığa gəlincə M. Əhmədoğlu əlavə edib ki, Azərbaycan-Belarus arasında bu sahə üzrə imzalanan müqavilə məbləğinə görə, o qədər böyük olmasa da, aciz Ermənistan bundan narahat olmağa başlayıb: “ Əslində Ermənistan bununla Belarusun yadına saldı ki, onlara elə tutarlı cavab verilməlidir ki, bundan sonra adını belə tuta bilməsinlər. Hesab edirəm ki, Azərbaycan Belarusdan silah almaqda davam edəcək. Amma eyni zamanda Belarus Ermənistana kifayət qədər yaxınlarda sərt cavablar verəcək”.