Rəsmi açıqlama: "Gürcüstanda işsizliyin səviyyəsi artıb"

20 Noyabr 2018 02:03 (UTC+04:00)

Gürcüstanda işsizliyin səviyyəsi artıb və cari ilin üçüncü rübündə 12,2 faiz təşkil edib. AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin direktoru Qoqita Todradze keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, işsizlik səviyyəsinin artması mövsümi amillərlə bağlıdır. Bu, həmçinin təhsil sektorunda çalışanların sayının azalması, bir sıra digər sektorlarda işlə təminatın aşağı olması ilə əlaqədardır.

Bildirilib ki, ölkədə işsizliyin səviyyəsi rüblük müqayisədə 0,1 faiz artıb. İşsizliyin səviyyəsi kişilər arasında 13 faiz, qadınlar arasında isə 11,3 faiz olub.

İqtisadçı ekspertlərin fikrincə, ölkədə işsizliyin artması davam edəcək. Bu, ölkədə milli valyutanın devalvasiyası, qiymətlərin artımı, bəzi zavod və fabriklərin, istehsal sahələrinin bağlanması ilə əlaqədardır. “Əgər iqtidar tezliklə yeni iş yerlərinin açılması, yeni sənaye müəssisələri yaradılması, aqrar sahədə çalışanlara subsidiyaların verilməsi ilə bağlı tədbirlər görməsə işsizliyin səviyyəsi daha da artacaq”, - deyə ekspertlər vurğulayıblar.