Azərbaycan Ədliyyəsinin 100 illik tarixinə baxış

19 Noyabr 2018 17:47 (UTC+04:00)

Bu il ölkəmizdə Azərbaycan ordusu, polisi, prokurorluğu ilə yanaşı çətin, şərəfli və zəngin tarixi yol keçərək xalqımıza və dövlətimizə layiqli xidmət göstərməyi özünün ali amalı elan etmiş milli Ədliyyə orqanlarımızın yaranmasının 100 illik yubileyi qeyd olunur.

Ədliyyə Nazirliyi ölkəmizdə tarix boyu ədalət mühakiməsinin həyata keçirilməsi, insanların hüquq və qanuni mənafelərinin qorunması sahəsində əvəzedilməz xidmətləri ilə seçilmiş bir orqandır. Təsis olunduğu gündən zəngin, məsuliyyətli və keşməkeşli yol keçmiş Azərbaycan ədliyyəsinin tarixinə nəzər salmaq maraqlı olardı.

Azərbaycan Ədliyyəsi Azərbaycan Xalq Cümhuriyyəti dövründə

Nazirliyin yaradılması Şərqdə ilk müsəlman dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə eyni günə təsadüf edir.

Xalqımızın dövlətçilik ənənəsinin bərpası, milli düşüncə tərzinin siyasi təntənəsi olan Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə hüquqi dövlət quruculuğu, hakimiyyət bölgüsü, demokratik idarəçiliyi özünün əsas prinsipləri elan etmiş, cəmiyyət həyatının bütün sahələrini milli əsaslar üzərində yenidən qurmağa başlamış, qəbul etdiyi tarixi qərarlar və həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz izlər buraxmışdır: dövlət atributlarının qəbul edilməsi, ana dilimizin dövlət dili elan olunması, təhsilin milliləşdirilməsi, maarifin və mədəniyyətin inkişafına diqqət yetirilməsi, ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin etmək məqsədi ilə yüksək döyüş qabiliyyətli milli ordunun yaradılması, demokratik prinsiplərə uyğun dövlət orqanlarının qurulması və s. Həmçinin, bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizlik aradan qaldırılmış, qadınlara seçki hüququ verilmiş, hüquq sistemi yaradılaraq Ədliyyə Nazirliyi təsis edilmiş, məhkəmə və istintaq orqanlarının, prokurorluğun fəaliyyəti bərpa olunmuşdur.

1918-ci ilin mayın 28-də Azərbaycan Milli Şurası "İstiqlal bəyannaməsi" ilə müstəqilliyimizi elan etdiyi gün Fətəli xan Xoyskinin rəhbərliyi ilə 9 nazirdən ibarət Azərbaycan Milli Hükumətini təşkil edildi. Hüquq sisteminə xüsusi əhəmiyyət verən mütərəqqi demokrat fikirli ziyalılarımızən dəstəyi ilə hökumətin tərkibində digər nazirliklərlə yanaşı, Ədliyyə Nazirliyi də yaradılmış, uzaqgörən, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk Ədliyyə nazirimiz olmuşdur.

Beləliklə, müstəqil dövlətimizin ədliyyə tarixi 1918-ci ildə AXC-nin yaranması ilə başlamışdır. Cümhuriyyət dövründə ilk (eyni zamanda, sonuncu) Ədliyyə nazirimiz Xəlil Xasməmmədov olmuş, daha sonra müxtəlif vaxtlarda nazirliyə F.Xoyski, Teymur bəy Makinski, Aslan bəy Səfikürdski rəhbərlik etmişdir.
Cümhuriyyət dövründə ədliyyə və məhkəmə-hüquq islahatlarının da zəruriliyini ilk gündən düzgün dəyərləndirərək bu istiqamətdə sistemli tədbirlər həyata keçirmişlər.

Cümhuriyyət yarandığı ərəfədə Azərbaycanda məhkəmə sistemi iflic vəziyyətdə idi: şəhər və qəzaların əksəriyyətində sülh hakimləri, müstəntiqlər, prokurorluq əməkdaşları yox idi. Onların əksəriyyəti ölkəni tərk etmiş, məhkəmə binaları və sənədlər talan edilmişdi. Bəzi yerlərdə isə məhkəmələr öz fəaliyyətini tamamilə dayandırmış, fəaliyyətlərini davam etdirən müstəntiqlər isə öz vəzifələrində qalsalar da, yaranmış vəziyyətlə əlaqədar öz vəzifələrini yerinə yetirmək iqtidarında deyildilər.

Ədliyyə Nazirliyi məhz belə ağır şəraitdə fəaliyyətə başlamasına, mövcud çətinliklərə, kadr çatışmamazlığına baxmayaraq, ölkənin ədliyyə sisteminin formalaşdırılması üçün yeni hüquq sisteminin təşkili, ədliyyə və məhkəmə-istintaq strukturlarının bərpa edilməsi yönündə təxirəsalınmaz qərarlar qəbul etmişdir. Nazirliyin gördüyü ilkin tədbirlər nəticəsində çətinliklərə baxmayaraq məhkəmə aparatı tədricən fəaliyyətə başlamış, barışıq hakimi və müstəntiq vəzifələrinin əksəriyyəti tutulmuş, binalar qaydaya salınmış və imkan daxilində zəruri avadanlıqlarla təchiz edilmişdi.

16 iyun 1918-ci ildə Azərbaycan hökuməti Tiflisdən Gəncə şəhərinə köçdükdən sonra yeni - II hökumət formalaşdı və Ədliyyə naziri vəzifəsini də Baş nazir F.Xoyski öz üzərinə götürdü. Azərbaycan hökumətinin 1918-ci il 23 iyun tarixli qərarında idarəetmənin və məhkəmənin bütün sahələri üzrə indiyə qədər qüvvədə olan bütün qanunların AXC hökuməti tərəfindən qanunla müəyyən edilmiş qaydada ləğv edilməyincə və ya dəyişdirilməyincə qüvvədə qalacağı deyilirdi.

"Hər bir nazirlikdə nazirin yoldaşı (nazir müavini) vəzifəsinin və dəftərxananın təsis edilməsi haqqında" hökumətin 26 və 30 iyun 1918-ci il tarixli qərarından sonra Nazirliyin mərkəzi orqanı nazirdən, nazirin müavinindən, nazirin katibindən, kargüzar və makinaçıdan ibarət oldu. Həmin zaman bu vəzifələri müvafiq olaraq, F.Xoyski, T.Makinski, M.A.Klank, Əliəşrəf Vəlixanov, Natalya Sergeyevna Kameneva icra edirdi.
Ədliyyə Nazirliyinin həyata keçirdiyi ölkə əhəmiyyətli ilk tədbirlər respublikada qayda-qanunun bərpası ilə əlaqədar müvafiq qanunların qəbul edilməsi istiqamətində oldu. Beynəlxalq vəziyyətin gərginliyi, daxili anarxiya və ölkənin düşdüyü fövqəladə vəziyyətlə əlaqədar Azərbaycanın bütün ərazilərində hərbi vəziyyətin tətbiq edilməsi haqqında hökumətin 1918-ci il iyunun 19-da verilmiş qərarına əlavə olaraq, avqustun 12-də müvəqqəti tədbir kimi ölüm cəzası tətbiq edildi.

Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordusunun birləşmiş qüvvələri tərəfindən Bakı şəhəri azad edildikdən sonra, sentyabrın 26-da Ədliyyə Nazirliyi buraya köçürüldü və burada əvvəlcə "Metropol" mehmanxanasının (indiki Nizami adına Ədəbiyyat muzeyinin) binasında, sonra isə Persidskiy küçəsindəki 6 nömrəli evdə (indiki Səadət sarayının binası) fəaliyyətini davam etdirdi.

AXC təşəkkül tapdığı ilk günlərdən etibarən ölkədə demokratik prinsiplər əsasında məhkəmə sistemi yaradılmasına böyük önəm verilmişdir. İlk ədliyyə nazirimiz hüquqşünas X.Xasməmmədovun "Məhkəmə idarələrinin bərpa olunması haqqında" etdiyi məruzə əsasında hökumətin qəbul etdiyi 1918-ci il 1 oktyabr tarixli qərara əsasən, Bakı quberniyasında qanun-qaydaların bərpa olunması və qanuni hökumətin Bakı şəhərinə köçürülməsi ilə əlaqədar olaraq anarxiya dövründə müxtəlif adlarla yaradılmış məhkəmələr və məhkəmə funksiyasına malik bütün komissiyalar ləğv edildi, dəftərxana qulluqçuları istisna olmaqla bütün qulluqçuları işdən azad edildi, Bakı dairə məhkəməsinin və onun tabeliyində olan bütün idarələrin, habelə prokurorluğun fəaliyyəti bərpa edildi.

1918-ci ilin noyabrınadək hüquq qaydaları və qanunçuluğun möhkəmləndirilməsi məqsədilə Bakı və Gəncə şəhərlərində əvvəllər mövcud olmuş dairə məhkəmələrinin, habelə onların nəzdindəki barışdırıcı idarələrin fəaliyyəti bərpa edildi.

1918-ci il noyabrın 14-də Hökumət tərəfindən Ədliyyə Nazirliyinin təqdimatı ilə Azərbaycan tarixində ilk dəfə olaraq "Azərbaycan məhkəmə palatası və onun əsasnməsi" təsdiq olundu. Bu sənədə əsasən belə bir tərkibdə palata yaradıldı: böyük sədr; Departamentin sədri; Palatanın prokuroru və onun iki nəfər müavini.

Səlahiyyət dairəsi bütün Azərbyacan ərazisini əhatə edən və yuxarı məhkəmə instansiyası orqanı olan Azərbaycan Məhkəmə Palatasında dairə məhkəmələrində baxılmış işlərlə, respublikamızda ərazisində baş vermiş və Tiflis məhkəmə palatasına daxil olmuş işlərə də baxılması nəzərdə tutulurdu.

Vəsait çatışmazlığı və imkansızlıq şəraitində Ədliyyə Nazirliyi öz diqqətini vakant ştatların komplektləşdirilməsinə yönəltmişdi. Bununla əlaqədar olaraq, Ədliyyə nazirinin müavini Teymur bəy Makinski "Ədliyyə Nazirliyi haqqında Əsasnamə"ni və "Ədliyyə Nazirliyi dəftərxanası ştatının təsdiq edilməsi haqqında qanun layihəsinə izahat məktubu"nu hökumətin təsdiqinə təqdim etmişdi.

Ədliyyə Nazirliyinin tarixində ən mühüm məqam AXC Nazirlər Şurasının 1918-ci il 22 noyabr tarixli qərarı ilə Ədliyyə Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən edən mühüm aktın - Əsasnaməsinin təsdiq edilməsi oldu.

9 maddədən ibarət olmuş Nazirliyinin Əsasnaməsinin 1-ci maddəsinə əsasən, Ədliyyə Nazirliyinin strukturu təstiq edilmişdir: ədliyyə naziri; ədliyyə nazirinin yoldaşı, nazirin yanında məsləhətxana; Nazirliyin dəftərxanası. Bu qərara əsasən dəftərxananın kargüzarlarının və dəftərxana qulluqçularının sayı xeyli artırıldı. Əsasnamənin 2-ci maddəsində isə göstərilirdi ki, ədliyyə naziri eyni zamanda Baş Prokuror və türmələr üzrə himayədarlıq cəmiyyətinin prezidenti hesab edilirdi.

Həmin gün, nazir də daxil olmaqla, nazirliyin 22 nəfərdən ibarət ştat cədvəli təsdiq edilmiş, orada əməkdaşların aylıq vəzifə maaşları və həmin ştatların saxlanılması üçün illik vəsaitin məbləği göstərilmişdi. Nazirliyinin rəhbərliyinin ştat vahidlərinin artırılması barədə hökumətin 1919-cu il 11 avqust və 1 sentyabr tarixli qərarları ilə ədliyyə qulluqçuların sayı 1920-ci ilin əvvəlinədək 35 nəfərə çatdırıldı. Məhkəmə idarələrində isə 1920-ci il yanvarın 1-dək ştat üzrə 861 nəfər qulluqçu oldu.

1918-ci ilin 7 dekabrında fəaliyyətə başlayan Azərbaycan Parlamentinin ilk iclasının sonunda keçmiş Ədliyyə naziri X.Xasməmmədov Azərbaycanın müstəqilliyinin tanınması münasibətilə "amnistiya elan etmək haqqında" hökumətin qərarını oxudu.

17 aylıq fəaliyyəti dövründə Cümhuriyyət parlamentində milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi, iqtisadi və mədəni tərəqqiyə, maarif sahələrində dirçəlişə imkan vermiş, Azərbaycan dövlətçiliyi tarixində dərin və zəngin iz qoymuş 145 iclas keçirilmiş, 230-a yaxın qanun və qərarlar qəbul olunmuşdur ki, həmin qanun layihələrinin 32-si Ədliyyə Nazirliyi tərəfindən hazırlanmışdı.
1918-ci il dekabrın 26-da III hökumətin tərkibində hüquqşünas Teymur bəy Makinski yeni Ədliyyə naziri oldu. O, 1918-ci il iyunun 27-də ədliyyə nazirinin müavini, 1918-ci il dekabrın 26-dan 1919-cu il martın 14-ə qədər ədliyyə naziri, 1919-cu ilin iyunundan 1920-ci ilin yanvarına qədər Azərbaycan hərbi məhkəməsinin sədri, 1920-ci ilin martından AXC-nin Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi olmuşdur. Lakin onun Ədliyyə naziri kimi fəaliyyəti barədə mənbələrdə məlumat bir qədər məhduddur.

Parlamentin 26 dekabr 1918-ci il tarixli iclasında hökumətin qəbul etdiyi ədalət mühakiməsinin yalnız məhkəmələr tərəfindən həyata keçirilməsi, təqsirsizlik prezumpsiyası, məhkəmələrin xalqa yaxın olması, vətəndaşların məhkəmə və qanun qarşısında bərabərliyi və digər demokratik prinsiplərə əsaslanan məhkəmə sistemi qurulmasını elan etmiş "ədliyyə sahəsində deklarasiya"da ədliyyənin hökumətin diqqət mərkəzində olan mühüm sahələrdən biri olması, məhkəmə orqanları olmadan heç bir dövlətin mövcud ola bilməməsi, məhkəmələrin heç bir digər inzibati dövlət aparatı tərəfindən əvəz edilə bilməməsi, bütün ictimai təhlükəli hərəkətlərin məhkəmə prosesində araşdırılması qəti şəkildə göstərilmişdir.

1919-cu ilin martında Nəsib bəy Yusifbəylinin başçılığı ilə formalaşmış yeni hökumətdə aprelin 14-də Aslan bəy Səfikürdski ədliyyə naziri təyin edildi. Sabiq nazir Teymur bəy Makinski isə xaricə xidməti ezamiyyətə göndərildi.

Ölkədə insanların hüquqlarını və təhlükəsizliyini təmin edən ədalət mühakiməsinin düzgün qurulması, şəffaflıq üçün ictimaiyyət nümayəndələrinin məhkəmə prosesində iştiraka cəlb edilməsi, məhkəmələrdə seçki sisteminin qurulması Aslan bəy Səfikürdskinin nazir kimi fəaliyyətində əsas prinsiplər olmuşdur.

Hökumətin 11 avqust 1919-cu il tarixli qərarı ilə həbsxana işləri Daxili İşlər Nazirliyinin tabeliyindən Ədliyyə Nazirliyinin tabeliyinə keçmişdir.

Gənc kadrların hazırlanması üçün Məhkəmə Palatası yanında 1919-cu ilin iyun ayında aylıq kurslar təşkil olunmuşdu. Məhkəmə Palatasının sədri 1919-cu il dekabrın 22-də Ədliyyə nazirinə "Müvəqqəti hüquq kurslarının təsis edilməsi haqqında" qanun layihəsi təqdim etmişdir. Bu qanunda, orta təhsil məktəblərinin ən azı altı sinfini bitirmiş Azərbaycan vətəndaşları üçün Ədliyyə Nazirliyi yanında altı aylıq müvəqqəti pulsuz hüquq kurslarının təsis edilməsi nəzərdə tutulmuşdu.

Hüquqi maarifləndirmənin səmərəliliyinin artırılması işinə böyük diqqət yetirildiyindən Nazirliyin nəzdində kitabxananın təsis edilməsi üçün hökumətin 1919-cu il 19 iyul tarixli qərarı ilə 50000 manat pul ayrılmışdır. Həmin kitabxana Bakı şəhərinin bütün məhkəmə təşkilatlarının ehtiyacını ödəyir, kitabların dublikatları isə əyalət məhkəmələrinə və barışıq şöbələrinə göndərilirdi.

Nazirlikdə idarə xarakterli məsələlərlə yanaşı, mühüm ictimai-dövlət əhəmiyyəti kəsb edən müxtəlif qanun layihələri də hazırlanmışdır. O cümlədən, hökumətin 1919-cu il 14 iyul tarixli iclasında Ədliyyə Nazirliyinin "Azərbaycan vətəndaşlığı haqqında" qəbul edilən qanun layihəsi 1919-cu il avqustun 11-də Azərbaycan Parlamentinin iclasında təsdiq edildi.

1919-cu il dekabrın 22-də yeni hökumət kabineti təsdiq edildi və X.Xasməmmədov ikinci dəfə Ədliyyə naziri vəzifəsinə təyin olundu. Digər nazirlər kimi yeni Ədliyyə naziri də öz işində bolşevik fəaliyyətinin güclənməsini, ərazi bütövlüyümüzə daşnak Ermənistanı tərəfindən qəsd edilməsini və digər mürəkkəb siyasi amilləri, heləcə də, müxtəlif partiyalararası mübarizəni nəzərə almışdı.

Nazirliyin həyata keçirdiyi önəmli tədbirlərdən biri "amnistiya haqqında" qanun layihəsinin hazırlanması olmuşdur ki, bu qanun layihəsi 1920-ci il yanvarın 16-da parlamentin iclasına çıxarılmışdır. Burada 1918-ci il mayın 28-dək törədilmiş bütün cinayət əməllərinə görə ümumi amnistiya elan edilirdi.

Nazirliyin son qərarlarından biri 1920-ci il martın 23-də hökumət tərəfindən təsdiq edilmiş "Həbsxanalarda dustaqların ərzaqla təmin edilməsi barədə müvəqqəti fərman" oldu.

Vəziyyətin mürəkkəbliyinə və şəraitin çətinliyinə baxmayaraq Ədliyyə nazirləri başda olmaqla Nazirliyin bütün işçiləri Cümhuriyyətimizin mövcud olduğu 23 ay ərzində öz xidməti vəzifələrini vicdanla və ləyaqətlə icra edərək, ölkəmizin ədliyyə sistemində silinməz izlər qoydular.

Azərbaycan Ədliyyəsinin Sovet dövrü

XI Qızıl Ordunun 1920-ci il aprelin 28-də Azərbaycanı işğal etməsi ilə burada Sovet hakimiyyətini quruldu. Həmin tarixdən etibarən Azərbaycan Ədliyyə Nazirliyinin tarixində yeni və keşməkeşli mərhələ başladı. Belə ki, ölkəmizdə sovet hakimiyyətinin qurulması nəticəsində Azərbaycanda Ədliyyəsi rejimin mahiyyətinə uyğun təsirlərə məruz qalmış, dəfələrlə ləğv edilərək yenidən təsis edilmişdir.

AXC-nin süqutundan sonra Azərbaycanda ali qanunvericilik və icra hakimiyyətini həyata keçirən faktiki ali hakimiyyət orqanı olan Azərbaycan SSR İnqilab Komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilərək, Xalq Ədliyyə Komissarlığı yaradıldı. Camo bəy Hacınski Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığında İnzibati-Maliyyə Şöbəsinin rəisi təyin olunmuşdu. İlk vaxtlar Sovet hakimiyyətinin Camo bəy kimi kadrlara ehtiyacı olsa da, onun Xalq Cümhuriyyətinin görkəmli xadimi (Dövlət müfəttişi, Poçt-Teleqraf naziri və s.) olduğunu unuda bilmirdilər. Keçmişinə görə təqsirləndirilən Camo bəy 1922-ci il aprelin 7-də Azərbaycan FK əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində bir qrup "eser" (sosialist) içərisində həbs olunaraq, ömrünün sonunadək dəfələrlə həbslərə və sürgünlərə məruz qalmış, 1942-ci ildə 54 yaşında Sibirin Vyatka xüsusi həbs düşərgəsində vəfat etmiş, ölümündən sonra 1956-cı ilin iyununda bəraət almışdır.
Xalq Ədliyyə Komissarlığının 1937-ci ildə təsdiq edilmiş yeni Əsasnaməsinə əsasən onun səlahiyyətləri və fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik ilə məhdudlaşdırılmışdır. 1959-cu ildə ləğv edilmiş Xalq Ədliyyə Komissarlığının səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürüldü. Məhkəmə orqanlarına nəzarət Ali Məhkəməyə həvalə edildi.

Uzun fasilədən sonra 27 oktyabr 1970-ci ildə - Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi yenidən təsis edilmiş, bununla da Azərbaycan Ədliyyəsi tarixində yeni mərhələ başlanmışdır. Həmin zaman Ədliyyə Nazirliyi məhkəmə orqanlarına rəhbərlik etmiş, hüquqi maarifləndirmə işləri aparmışdır.

Azərbaycan Ədliyyəsinin müasir - Müstəqillik dövrü

71 il sonra - 1991-ci il oktyabrın 18-də Azərbaycan öz dövlət müstəqilliyinə yenidən qovuşaraq, Konstitusiya aktı ilə AXC-nin siyasi varisi olduğunu bəyan etdi.

Lakin müstəqilliyimizin ilk illərində - 1993-cü ilin iyun ayınadək ölkəmizdə mövcud olmuş böhran vəziyyəti, siyasi, iqtisadi, hüquqi sferalardakı hərc-mərclik, hakimiyyət boşluğu, anarxiya ölkəmizdə hüquqi tənzimlənmə prosesini də ləngitmişdi.

1993-cü ilin iyunun 15-də xalqın istəyi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun təşəbbüsü ilə bütün sahələrdə olduğu kimi ölkəmizin Ədliyyə və məhkəmə-hüquq sistemində də həyata keçirilmiş tədbirlər nəticəsində dirçəliş müşahidə olunmuş, ədliyyə orqanlarının faəliyyətinin müasir tələblər səviyyəsinə qaldırılması üçün islahatlar həyata keçirilmiş, ölkəmizdə bütün hüquq təsisatlarının fəaliyyətini tənzimləyən yeni mütərəqqi qanunlar qəbul edilmişdir

Ümummilli Liderin rəhbərliyi ilə 1993-2003-cü illərdə aparılmış islahatlar nəticəsində ölkəmizdə Konstitusiya Məhkəməsi təsis edilmiş, 12 noyabr 1995-ci ildə demokratik hüquqi dövlətin möhkəm təməlini qoymuş ilk milli Konstitusiyamız, eyni zamanda mütəmadi olaraq yeni qanun və məcəllələr qəbul edilmiş, 2000-ci ildən əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başlamış, eyni zamanda, prokurorluq və ədliyyə orqanlarının məhkəmələr üzərindəki nəzarəti ləğv olunmuş, nəticədə demokratik məhkəmə nəzarəti institutu formalaşdırılmışdır.

AXC dövründə olduğu kimi, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artırıldı. Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə ədliyyə işçilərinə yüksək etimad göstərilərək, AXC-inin Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi tarix - 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü elan olundu. Elə həmin ildə Ədliyyə Nazirliyində məhkəmə icraçıları və nəzarətçiləri xidməti yaradıldı.

Ədliyyə fəaliyyətinin ictimaiyyət arasında təbliğini genişləndirmək məqsədilə "Azərbaycan Ədliyyəsinin tarixi Muzeyi"nin yaradılması haqqında 16 avqust 2001-ci il tarixdə Nazirlik üzrə əmr imzalanmış, ədliyyə naziri cənab Fikrət Məmmədovun rəhbərliyi ilə xüsusi Komissiya tərəfindən qısa müddətdə tarixi araşdırmalar aparılaraq, sənədlər və digər əşyalardan ibarət zəngin muzey fondu yaradılmışdır.

Bir sözlə, müstəqil dövlətçilik tariximizdə insan hüquq və azadlıqlarının təmin edilməsində, hüquq islahatlarının həyata keçirilməsində, məhkəmə-hüquq sisteminin tənzimlənməsində, dünyəvi dövlət quruculuğumuzun təhlükəsizliyinin, sabitliyinin qorunmasında müstəsna xidmətləri olan Ədliyyə Nazirliyi Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra təkmilləşdirilmiş, səlahiyyətləri daha da artırılmışdır.

Ulu Öndər siyasətinin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin ölkəyə rəhbərliyi illərində ədalət mühakiməsinin səmərəsinin və məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılmasına xüsusi diqqət yetirilmiş, Ədliyyə orqanlarının fəaliyyəti daha da təkmilləşdirilmişdir. "Ölkəmizin hərtərəfli inkişafı, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir" deyən Canab İlham Əliyev ölkəmizdə müstəqil və şəffaf məhkəmə sisteminin yaradılması və beynəlxalq tələblərə uyğunlaşdırılmasına önəm vermiş, bu məqsədilə 2004-cü ilin dekabr ayında "Məhkəmə-Hüquq Şurası haqqında" yeni qanun qəbul olunmuş, "Məhkəmələr və hakimlər haqqında" qanuna bir sıra mütərəqqi dəyişikliklər edilmişdir.

2006-cı ildə ədliyyə orqanları ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunmuş, Ədliyyə Nazirliyinin strukturu təkmilləşdirilmiş və ona mühüm vəzifələr həvalə edilmişdir. Belə ki, 18 aprel 2006-cı il tarixli Fərmanı ilə Müstəqillik dövründə ilk dəfə olaraq "Ədliyyə Nazirliyi haqqında əsasnamə" təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilmiş, 26 may 2006-cı il tarixli "Ədliyyə orqanlarında qulluqkeçmə haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, 17 avqust 2006-cı il tarixində "Ədliyyə orqanlarının inkişafı haqqında" Fərman imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin 06 fevral 2009-cu il tarixli Sərəncamı ilə "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir. Həmin dövlət proqrama uyğun olaraq, 2009-2013-cü illərdə məhkəmələrin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar külliyatının hazırlanması, "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində məhkəmə fəaliyyətində, məhkəmə proseslərinin aparılmasında, işlərin qeydiyyatında yeni texnologiyaların tətbiqi, bir sözlə, məhkəmələrin maddi-texniki bazasının yaxşılaşdırılması, məhkəmə binalarında müasir İKT-nin, o cümlədən, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi və lazımi iş şəraitinin təmin edilməsi ilə bağlı mühüm addımlar atılmışdır.

18 iyun 2010-cu ildə "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında", "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının qanunlarına, 2009-cu il 20 oktyabr tarixində "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə" dəyişikliklər və əlavələr edilməsi haqqında Qanun qəbul olunmuş, icra işinin təkmilləşdirilməsinə dair 15 iyul 2010-cu il tarixində Prezident İlham Əliyev tərəfindən Fərman imzalanmışdır.

Müasir beynəlxalq təcrübəyə əsaslanaraq, "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında" Qanunun adında dəyişiklik edilmiş, bu qanun "İcra haqqında" qanun, "baş məhkəmə məmuru" ifadəsi dəyişərək "baş icra məmuru", "məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları" ifadəsi dəyişərək "icra məmurları", "məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidməti" ifadəsi isə "icra xidməti" adlandırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncamı - humanizm hissinin cəza siyasətində öz əksini tapması böyük tarixi-mənəvi dəyər hesab olunmalıdır.

Azadlıqdan məhrumetmə cəzasının tətbiqinin azaldılması və daha çox alternativ cəzalara üstünlük verilməsi və bu tip cəzaların icrasına səmərəli nəzarətin təşkili və bu sahədə idarəetmənin təkmilləşdirilməsi - bir sözlə cəza siyasətinin humanistləşdirilməsi məqsədi ilə dövlət başçısının 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə nazirliyin strukturunda ayrıca baş idarə səlahiyyətli Ədliyyə Nazirliyinin Probasiya Xidməti təsis edilmişdir. 1 dekabr 2017-ci il tarixli Qanunla "Cəzaların İcrası Məcəlləsi"nə dəyişikliklər edilməklə probasiya nəzarəti təsbit olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 22 dekabr 2017-ci il tarixli qərarı ilə "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidməti haqqında Əsasnamə" təsdiq edilmiş, habelə yerli icra və probasiya qurumları yaradılmışdır.

Müasir dövrdə Cənab Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğının, Ədliyyə naziri cənab Fikrət Məmmədovun yüksək idarəçiliyinin və peşəkarlığının nəticəsidir ki, Ədliyyə orqanları beynəlxalq normalara uyğun şəkildə inkişaf etməkdədir. Buna nümunə olaraq, 2017-ci ildə ölkəmizin məhkəmə sistemindəki nailiyyətlərinin Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsinin mükafatına layiq görülməsini, Dünya Bankı tərəfindən bu sahədə innovasiyalara görə nominasiyaların qalibi elan olunmasını və s. göstərmək olar.

Bu il ölkəmizdə qeyd olunan Ədliyyə tarixinin 100 illiyi münasibəti ilə ölkə Prezidenti tərəfindən "Azərbaycan ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalının təsis olunması Ədliyyə Nazirliyinin fəaliyyətinə göstərilən diqqət və qayğının əyani təzahürüdür.

Eyni zamanda, ədliyyə işçiləri də ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirmək, məsuliyyətlə çalışmaq, göstərilən etimadı doğrultmaq əzmindədirlər.

Ceyhun BABAŞOV,
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Qazax rayon İcra və Probasiya Şöbəsinin
böyük icra məmuru (probasiya üzrə)