"Rusiya bizim üçün etibarlı dost və önəmli təbii qaz tədarükçüsüdür” Türkiyə prezidenti

19 Noyabr 2018 17:13 (UTC+04:00)

"Türkiyə Rusiyadan 1987-ci ildən indiyədək, ümumilikdə, 387 mlrd. kubmetr təbii qaz alıb". SİA-nın verdiyi məlumata görə, bunu “Türk axını” təbii qaz kəməri layihəsinin Türkiyəyə qaz verilməsini nəzərdə tutan ilk xəttinin dəniz hissəsinin tamamlanması ilə əlaqədar İstanbulda keçirilən mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, “Türk axını” layihəsi 2019-cu ildə həyata keçiriləcək testlərdən sonra istismara hazır olacaq. “İldə 31,5 mlrd. kubmetr qaz nəql etməyi nəzərdə tutan “Türk axını” layihəsinin, sadəcə, ölkəmiz üçün deyil, qonşularımız və regionumuz üçün də üstünlükləri var. Kıyıköydəki qaz qəbulu terminalının inşası sürətlə davam etdirilir. Texniki baxımdan çətin bir layihəni yüksək təhlükəsizlik standartlarında həyata keçirdik. Bizim üçün Rusiya uzunmüddət əməkdaşlıq edəcəyimiz etibarlı dost və önəmli təbii qaz tədarükçüsüdür”, - R.T. Ərdoğan çıxışında vurğulayıb.

Qeyd edək ki, ümumi uzunluğu 1100 kilometr olacaq “Türk axını” boru kəmərinin dənizdən keçən hissəsi 930 kilometrdir. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək iki xəttin tikintisini nəzərdə tutur. Hər xəttin ötürücülük gücü 15,75 mlrd. kubmetrdir. Boru kəməri ilə qaz nəqlinə 2019-cu ildə başlanacağı planlaşdırılır.