“Belarus Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" ÖZƏL-RƏY

19 Noyabr 2018 15:38 (UTC+04:00)

“Belarus Respublikası ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələri çox yüksək səviyyədədir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Belarus dövləti Azərbaycanın dostudur: “Belarusun yanında Azərbaycan dövləti hər zaman durub və bundan sonra da duracaq. Təbii ki, Belarus Respublikası da Azərbaycanın hər zaman yanındadır. Hər bir arenada, beynəlxalq tədbirdə Azərbaycanı müdafiə edir və ölkəmizə dəstək verir. Cənab Prezidentin Belarusa səfəri də dost ölkəyə səfəridir. Dövlət başçımızı yüksək səviyyədə qarşılayıblar. Düşünürəm ki, bu səfər ölkələrimiz arasında iqtisadi əməkdaşlıq münasibətlərinin daha da yüksəlməsinə imkan verəcəkdir. Yəni iqtisadi əməkdaşlıq üçün potensial böyükdür. Hesab edirəm ki, Belarusla Azərbaycan arasındakı bu əməkdaşlıq yeni bir mərhələyə qalxacaq. Ümumiyyətlə qeyd etmək olar ki, ölkəmizin xarici dövlətlərlə belə yüksək münasibətinin olması Azərbaycanın birbaşa çox sadiq inkişafını sürətləndirir, həm də siyasi mövqelərini möhkəmləndirir. Bu Belarusiyanın Azərbaycana verdiyi dəstəkdən də görünür. Belarus Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və qeyri-şərtsiz olaraq Azərbaycan torpaqlarının işğaldan azad olunmasını tələb edən ölkədir”.