Xalq çalğı alətləri ifaçılarının I respublika müsabiqəsi keçiriləcək

19 Noyabr 2018 17:17 (UTC+04:00)

Noyabrın 26-dan 30-dək Azərbaycan Milli Konservatoriyasında görkəmli bəstəkar, Xalq artisti Hacı Xanməmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş Xalq çalğı alətləri ifaçılarının I respublika müsabiqəsi keçiriləcək. Konservatoriyadan SİA bildirilib ki, müsabiqə ali və orta ixtisas təhsili müəssisələrinin (11 illik musiqi məktəbləri də daxil olmaqla) Xalq çalğı alətləri üzrə təhsil alan şagird və tələbələr arasında təşkil olunacaq.

Müsabiqənin məqsədi gənc nəslin estetik tərbiyəsinin, ümumi musiqi zövqünün formalaşdırılması, onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi, ifaçılıq qabiliyyətlərinin yüksəldilməsi və təkmilləşdirilməsindən ibarətdir.

Müsabiqə instrumental ifaçılıq (tar, kamança, qanun və milli nəfəs alətləri) üzrə 2 yaş qrupundan (16-19 və 19-25) ibarət olub iki mərhələ üzrə reallaşacaq.

Müsabiqənin münsiflər heyətində Azərbaycanın tanınmış ifaçıları yer alacaq.