Nümayəndə heyəti Məhəmməd Əsəd bəyin məzarını ziyarət edib

19 Noyabr 2018 15:16 (UTC+04:00)

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun rəhbərlik etdiyi nümayəndə heyəti “Əli və Nino” romanının müəllifi hesab olunan Məhəmməd Əsəd bəyin (Qurban Səidin) İtaliyanın Pozitano şəhərində yerləşən məzarını ziyarət edib. Dövlət xidmətinin mətbuat katibi Fariz Hüseynov SİA bildirilib ki, ziyarət XXI Arxeoloji turizm üzrə Aralıq dənizi Yarmarkası çərçivəsində reallaşıb.

Qeyd edək ki, Məhəmməd Əsəd bəy 1905-ci ildə anadan olub. 1920-ci ildə bolşeviklərin Azərbaycanı işğal edənə qədər ailəsi ilə birgə Bakıda yaşayıb. Bir müddət Almaniya və Avstriyada məskunlaşıb, daha sonra İtaliyaya köçüb. O, 1942-ci ildə İtaliyanın Pozitano şəhərində vəfat edib. Məzarın olduğu yer isə 2017-ci ildə Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən müəyyən olunub.

Qurban Səid təxəllüsü ilə əsərlər yazan Məhəmməd Əsəd bəy daha çox “Əli və Nino” roman ilə tanınır. “Əli və Nino” romanı 1937-ci ildə ilk nəşrindən sonra qısa müddət

ərzində Avropada populyarlıq qazanıb, ötən əsrin 70-ci illərində isə Amerika oxucuları bu əsərlə tanış olub. Romana marağın yenidən artması isə Azərbaycanın müstəqilliyə qovuşduğu illərə təsadüf edir. İndiyədək roman 30-dan çox dilə tərcümə olunub. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və prodüserliyi, Oskar mükafatı laureatı Asif Kapadianın rejissorluğu ilə “Əli və Nino” romanı əsasında eyniadlı bədii film çəkilib.