Sumqayıt Dövlət Dram Teatrında növbəti premyera

19 Noyabr 2018 11:53 (UTC+04:00)

Sumqayıt Dövlət Dram Teatrında Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” əsərinin premyerası keçirilib. SİA teatrdan verilən xəbərə görə, 50 yaşlı kollektiv illər öncəsində də Vaqif Səmədoğlunun dramaturgiyasına müraciət edib. Müəllifin sosial –fəlsəfi pyeslərində qəhrəmanların xarakterləri düşdükləri stuasiyada daha aydın görünür.

Əməkdar artist Namis Şirməmmədovun quruluş verdiyi “Mamoy kişinin yuxuları” tamaşasında da maraqlı rejissor tapıntıları və diqqətçəkən oyun tərzi var. Tamaşada Dağlar Rüstəmov, Sevda Hüseynova, İlqar İbrahimov, Mətanət Əmirullayeva, İlham Səfərli, Siyavuş Mahmudov, Akif Mirzəyev, Yalçın Səlimov, Şəmistan Süleymanlı, Vaqif Səmədzadə və Füzuli Qərənizadə yer alıblar. Tamaşanın quruluşçu rəssamı Arif Müzəffərov, musiqi tərtibatçısı Telman Qəniyevdir.

Quruluşçu rejissor dramaturq Vaqif Səmədoğludan gələn fəlsəfəni, incə yumoru, bəzi məqamlarda sarkazmı ustalıqla qoruyub saxlayıb və tamaşaçılara çatdıra bilib. Personajların hər biri üçün düşünülmüş mizanlar, musiqi və geyim əlbəsələri bütövlükdə canlı, baxımlı tamaşanın ərsəyə gəlməsinə rəvac verib.