"Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə aparılır"

19 Noyabr 2018 10:59 (UTC+04:00)

"Azərbaycan Respublikası narkotiklərlə mübarizədə beynəlxalq əməkdaşlığın aktuallığını nəzərə alaraq, BMT-nin 1961-ci il “Narkotik vasitələr haqqında”, 1971-ci il “Psixotrop maddələr haqqında” və “Narkotik vasitələr, psixotrop maddələr və prekursorlanın qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il tarixli konvensiyalarına qoşulmuş, cinayətkarlıq və narkotiklərlə mübarizə sahəsində dünyanın bir sıra dövlətləri ilə ikitərəfli və çoxtərəfli sazişlər bağlamış, memorandumlar imzalamışdır". SİA-nın verdiyi məlumata görə, bunu bugün Bakıda keçirilən narkotiklərlə mübarizəyə dair konfransda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, bu gün bütün dünyada narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında dünya dövlətləri BMT-nin qəbul etdiyi, yuxarıda qeyd olunan Konvensiyaları ətrafında sıx birləşərək vahid mübarizə metodları hazırlamaqla bu dəhşətli bəlanın qarşısının alınmasında birgə səy nümayiş etdirirlər: "Ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinəqarşı mübarizə tədbirlərinin görülməsinin vacibliyi daim ön planda saxlanılır. Belə ki, narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyanın yayılmasına qarşı mübarizə Azərbaycanda aidiyyətiorqanların daim diqqət mərkəzindədir.Narkomaniyaya qarşı mübarizənin hüquqi bazasının təkmilləşdirilməsinə, hüquq mühafizə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə ölkəmizdə xüsusi diqqət yetirilir.

Qeyd etmək istərdim ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 20 faiz ərazisinin işğalı və bu ərazilərdəki dövlət sərhəddinə Ermənistan silahlı qüvvələri tərəfindən nəzarət edilməsi nəticəsində bu ərazilərdən digər dövlətlərə narkotik maddələrin axını həyata keçirilir. Dağlıq Qarabağ ərazisindən narkotiklərinbecərilməsi, satılması və tranziti, eyni zamanda transmilli cinayətlərin həyata keçirilməsi üçün nəzarətsiz zona kimi istifadə olunur. Bu gün BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt-komissiyasının 53-cü sessiyasının iştirakçılarını da bu məsələ düşündürməlidir.

Azərbaycan gömrük xidməti narkotiklərinqanunsuz dövriyyəsi istiqamətində mühüm addımlar atır. Belə ki, gömrük xidmətimiz mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkənin fiskal siyasətini uğurla həyata keçirir, onun quru, hava və dəniz yollarında iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur. Dövlət Gömrük Komitəsi, eyni zamanda hüquq mühafizə orqanı olaraq qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.

Qaçaqmalçılığa qarşı mübarizə sahəsində köklü dəyişikliklər aparılması nəticəsində yüksək göstəricilər əldə olunmuşdur. Gömrük xidmətində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi məqsədilə hədəflərin idarə olunması sistemi və mobil qruplar yaradılmış, bu işə bacarıqlı və bilikli kadrlar cəlb olunmuş, müasir texnika və avadanlıqlarla təchiz edilmişdir. Məhz bununla əlaqədar olaraq, 2018-ci il ərzində gömrük orqanları tərəfindən 1 ton 178 kiloqram narkotik vasitə, psixotrop maddə və onların prekursorları aşkar edilərək qanunsuz dövriyyədən çıxarılmışdır".