Bakıda narkotiklə mübarizəyə dair konfrans keçirilir

19 Noyabr 2018 10:26 (UTC+04:00)

Bu gün Bakı şəhərində BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt-komissiyasının 53-cü sessiyası keçirilir. SİA-nın verdiyi məlumata görə, tədbir BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Sessiyada üzv dövlətlər - Azərbaycan, Əfqanıstan, Bəhreyn, Misir, Hindistan, İran, İraq, İordaniya, Qazaxıstan, Küveyt, Qırğızıstan, Livan, Oman, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Yəmən, eləcə də müşahidəçi dövlətlərdən Fransa və İtaliya hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edir.

Eyni zamanda, toplantıya Ərəb Daxili İşlər Nazirləri Şurası, Mərkəzi Asiya Regionu üzrə Narkotik Vasitələr və Psixotrop Maddələrin Qanunsuz Dövriyyəsi ilə Mübarizə üzrə İnformasiya və Əlaqələndirmə Mərkəzi (CARICC) və Körfəz Ölkələri Əməkdaşlıq Şurasının Narkotiklərlə Mübarizə üzrə İnformasiya Mərkəzinin məsul nümayəndələri qatılıb.

Sessiyada regional və subregional əməkdaşlığın hazırkı vəziyyəti, alt-komissiyanın 51-ci sessiyasında qəbul edilən tövsiyələrin həyata keçirilməsi, narkotiklərlə mübarizə üzrə kompleks və balanslaşdırılmış mübarizə strategiyasının hazırlanması və Baş Assambleyanın 2016-cı ildə keçirilmiş xüsusi sessiyasının qərarlarının (narkotik vasitələrə dair komissiyanın 62-ci sessiyası çərçivəsində keçiriləcək nazirlər səviyyəsində iclasların nəticələri nəzərə alınmaqla) icrası məqsədilə beynəlxalq əməkdaşlığın nizamlanmasına dair Siyasi Bəyannamə və Fəaliyyət Planının yerinə yetirilməsilə bağlı növbəti tədbirlər, narkotik vasitələrə dair komissiyanın bu qurumun köməkçi orqanlarının gücləndirilməsilə bağlı 60/1 qərarının icrası, alt-komissiyanın 54-cü sessiyasının işinin təşkili və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Sessiyada işçi qruplar tərəfindən

- narkotiklərin ticarətilə əlaqədar çirkli pulların yuyulması, qanunsuz maliyyə axını,

“darknet” şəbəkəsi və kriptovalyutalardan istifadəyə qarşı mübarizə;

sintetik narkotiklər sahəsində təhlükəli tendensiyalara, o cümlədən yeni psixoaktiv maddələrin, eləcə də prekursorların və siyahıya daxil edilməmiş kimyəvi maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə;

məlumat mübadiləsi məqsədilə regional əməkdaşlıq mərkəzləri arasında əlaqənin təmin olunması;

hərtərəfli və alternativ inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi məsələlərinə baxılması da planlaşdırılıb.

Sonda 53-cü sessiyanın işi ilə əlaqədar alt-komissiyanın hesabatının təsdiqlənməsi gözlənilir.