Fiasko, uğursuzluq və rüsvayçı məğlubiyyət tandemi ANALITIK

18 Noyabr 2018 09:49 (UTC+04:00)

AXCP-“Milli Şura”nın təxribatçılıq cəhdləri baş tutmamış qaldı

AXCP və “Milli Şura”nın Milli Dirçəliş Günü ilə bağlı keçirdiyi tədbirinin ardınca, Şəhidlər Xiyabanında sanksiyalaşdırılmamış aksiya keçirmək cəhdi ictimai rəy tərəfindən birmənalı şəkildə qınanıldı və ittiham olundu. SİA xəbər verir ki, bununla bağlı bir sıra tanınmış siyasilər, ictimaiyyət nümayəndələri çıxış edərək, xüsusilə AXCP sədri Əli Kərimlinin və “Milli Şura”nın sədri Cəmil Həsənlinin şəhidlərimizin ruhuna hörmətsizlik etdiklərini bildirib, onların şəxsi maraqlarını reallaşdırmaq cəhdlərini qəti şəkildə pisləyiblər. Bir daha bəlli olub ki, ətraflarında sosial bazaları, elektoratları olmayan bu şəxslər müxtəlif xarici təşkilat və fondlardan, donor təşkilatlardan yararlanmaq məqsədi ilə bu kimi çirkin addıma gediblər. Çünki özləri də yaxşı bilirlər ki, hətta icazəli mitinqlərində “Məhsul” stadionunun ərazisini tərəfdarları ilə doldura bilmirlər.

Məqsəd, əhalinin kütləvi toplaşdığı yerlərdə “çoxluq” nümayiş etdirmək olub

Bu baxımdan, onlar dağıdıcı siyasətlərini maliyyələşdirən ağaları qarşısında hər hansı bir “çoxluq” göstərmək üçün sabitliyi pozmaq cəhdinə əl ataraq, buna görə insanların kütləvi toplaşdıqları yerləri seçdilər. Beş-on nəfərin qanun asayişini qoruyan polislərə qarşı təxribat cəhdləri də bu deyilənləri kifayət qədər təsdiq edir ki, saxta hay-haray salmaqla əsas məqsəd havadarları qarşısında siyasi divident məqsədi daşıyıb və bunu bilavasitə AXCP sədri Əli Kərimli planlaşdırıb. Polislərə qarşı həqarət və təhqirlərin də işlədilməsi onun bu çirkin planının tərkib hissəsidir.

Söz yox ki, Azərbaycan hüquqi və demokratik ölkədir və bu ölkədə bütün qanunlar tənzimlənir. Qanunlar pozulduğu halda isə, hüquqi prosedurlar həyata keçirilir. Əli Kərimli ilə Cəmil Həsənlinin baş verənlərlə bağlı polis idarəsinə aparılmaları da həmin reallığı təsdiq edir ki, ölkə daxilində istənilən qanunsuzluq cəhdinin qarşısı alınır, sabitliyi pozmağa çalışanlar qeyd edilən prosedurlara cəlb olunurlar və bu dəfələrlə sübuta yetirilib. Belə olan vəziyyətdə xarici ölkələrdə saxta siyasi mühacir adı altında oturub-sosial şəbəkə müxalifətçiliyi edənlərin də canfəşanlıqları diqqətlərdən yayınmadı.

Küçə müxalifətçilərinin dağıdıcılıq və radikalizm siyasətləri fisakoya uğrayıb

Dərhal canlı bağlantılara qoşularaq, hakimiyyətə qarşı iftiralar, ittihamlar yağdıran qaragüruhçular bu vasitəylə erməni lobbisi ilə yaxınlıqları olan bir sıra Qərb təşkilatları qarşısında “missiyalarını” həyata keçirdiklərini necə deyərlər, sübut etməyə çalışdılar. Ancaq göründüyü kimi, Əli Kərimlinin və yan-yörəsindəkilərin nökərçilik etdikləri xarici təşkilatların noyabrın 17-də baş verən bəlli olayla bağlı heç bir reaksiya verməməsi sübut etdi ki, artıq qaragüruhçuların, küçə müxalifətçilərinin dağıdıcılıq və radikalizm siyasətləri tam şəkildə fiaskoya uğrayıb.

Yeri gəlmişkən, sabitliyi pozmağa yönəlmiş təxribat cəhdindən sonra polis idarəsinə aparılan Kərimli-Həsənli cütlüyü ətrafındakı süni ajiotajı da məhz xaricdəki “klaviatura qəhrəmanları” yaratmağa çalışdılar. Guya AXCP və “Milli Şura” sədrlərinin polisdə təzyiqlərə məruz qalmaları, hətta Cəmil Həsənlinin “halının dəyişməsinə görə” təcili tibbi yardım maşınının çağırılması kimi qara-qışqırıqların salınması təxribata daxil edilmiş məşum planın tərkibi kimi qiymətləndirmək olar.

Cəmil Həsənli: “Heç bir zorakılıq olmadı”

Halbuki, məhz Cəmil Həsənli bir neçə saatdan sonra azadlığa buraxılar-buraxılmaz Facebook üzərindən canlı yayıma qatılarkən, heç bir təzyiqlə üzləşmədiyini dedi. Onun dediklərindən bir neçə kəlməni diqqətə çatdıraq. SİTAT: “ Bizimlə nəzakətlə rəftar olundu və heç bir zorakılıq olmadı”, yaxud “Mənim səhhətim yaxşıdır, mənə heç bir təcili yardım göstərilmədi. Bəlkə polis idarəsindəki başqalarına gəlib, amma bizə təcili yardım gəlməyib”.

Beləliklə, baş verənlərin qısa təhlilini apararkən həm də belə nəticəyə gəlmək olar ki, hətta təxribat cəhdləri törətməyə cəhd edərkən, qaragüruhçuların “liderlərinin” davranışlarında təzadlar yaşanır. Əli Kərimlinin göstərişinə əsasən çığır-bağır salanlar guya onun və Cəmil Həsənlinin polis bölməsində təzyiqlərə məruz qaldıqlarını iddia edirlər, ancaq “Milli Şura” sədri bütün bu iddiaları gördüyümüz kimi, inkar edir. Yəni noyabrın 17-də cəhd edilən və sabitliyi pozmağa yönələn təxribat həm də plansız şəkildə həyata keçirilib ki, bu da radikal düşərgə daxilindəki fikirlərdə belə, bir-birini “vuran” ifadələrlə əksini tapıb.

Ümumiyyətlə, növbəti dəfə sübuta yetirilib ki, dövlətçilik maraqlarımıza qarşı edilən heç bir cəhd reallaşmamış qalır və üstəlik, tarixi bir gündə şəhidlərimizin ruhları üzərindən atılan mənfur addım xalqımız tərəfindən qətiyyətlə lənətlənir.

Rövşən NURƏDDİNOĞLU