“Fransa tərəfsizlik statusunu daşımağa layiq olmadığını göstərir” MÖVQE-ÖZƏL

18 Noyabr 2018 13:02 (UTC+04:00)

“İkili standartlar siyasətinin hər fürsətdə davam etdirilməsi Fransanın Minsk qrupunun tərəfsiz həmsədri ola bilmədiyini qəti olaraq sübut edir”. Bunu SİA-ya açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Azərbaycan hökuməti və xalqı təmkinli siyasət və davranışlar göstərdikcə Fransa dövləti ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi tərəfsizlik statusunu daşımağa layiq olmadığını göstərən yeni-yeni bədnam faktlar ortaya qoyur: “Fransa Azərbaycanın hələ 90-cı illərdə ona etdiyi böyük jestə adekvat qarşılıq verməyi bacarmadı, daha doğrusu, erməni lobbisinin güclü təsirləri buna imkan vermədi. Bütün bunlar onu göstərir ki, Fransa şirkətlərinin Azərbaycan iqtisadiyyatında iştirakdan əldə etdiyi qazancın son taleyi şübhəlidir, bu vəsaitin sonda hansısa yollarla Ermənistanın təcavüzünə dəstək proseslərinə yönəlmədiyinə təminat yoxdur. Fransa şirkətlərinin Azərbaycandakı fəaliyyətlərinə yenidən baxmaq vaxtı çoxdan çatıb. Təcavüzkar ölkə ilə hər cür qardaşlaşma siyasəti aparan bir ölkə Minsk qrupunda tərəfsizlik göstərə bilməz. Fransanın Minsk qrupunda həmsədr kimi başqa ölkə ilə əvəzlənməsini faktlar diktə edir. Bunu Azərbaycan dövlətinin mənafeləri və ədalət prinsipi tələb edir".

Baş verənlərin təsadüf olmadığını deyən A.Quliyev söyləyib ki, Fransa deputatları maneəsiz şəkildə işğal olunmuş ərazilərimizə, qondarma rejimin qanunsuz rəhbərləri çox rahat şəkildə Parisə gedirlər, Fransa hökuməti dəfələrlə qondarma rejimin nümayəndələrinin Parisdə "xeyriyyə marafonları" keçirməsinə şərait yaradır: “Bundan başqa, uydurma "erməni soyqırımı" Fransa parlamentinin və prezidentlərinin daimi siyasi leksikon mövzusudur, halbuki real Xocalı soyqırımına Fransa hökuməti heç bir münasibət göstərməyib. ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə beynəlxalq hüquq normalarına nə qədər uyğun və açıq mövqe tutsa da, Fransa hələ heç vaxt birmənalı mövqe göstərməyib və Ermənistanı faktiki olaraq dəstəkləyib. Fransa kimi erməni lobbisinin təsiri altında siyasət aparan ölkənin Minsk qrupunda ABŞ və Rusiya ilə birlikdə həmsədrlik etməsinə gecikmədən son qoyulmalıdır".