Arzu Nağıyev: “Fransa bu məsələyə birdəfəlik son qoymalıdır” ÖZƏL-RƏY

17 Noyabr 2018 11:38 (UTC+04:00)

“Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyan Fransaya ilk dəfə səfər etmir. O daima erməni diasporunun dəvətlə dəfələrlə Fransada olub və guya müəyyən şəhərlərin merləri ilə görüşlər keçirir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

Siyasi şərhçinin sözlərinə görə, burada əsas məqam ondan ibarətdir ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri ola-ola separatçılara yaşıl işıq yandırırsa, Bako Saakyan saxta sənədlərlə, pasportla məhz Fransaya gedirsə, artıq həmsədr ölkə kimi qurumdakı üzvlüyünə şübhə ilə yanaşmaq lazımdır: “Axı necə ola bilər, Fransa bu məsələnin sülh yolu ilə həllinə çalışır, eyni zamanda da bu cür hərəkətlər edir. Bako Saakyanın Fransaya səfəri ilk dəfə olmadığına görə, düşünürəm ki, bu dövlət siyasətinə bənzər bir məsələdir. Ona görə də onlar konkret şəkildə, hətta Azərbaycan Xarici İşlər Nazirliyi səviyyəsində öz fikirlərini bildiriblər. Düşünürəm ki, Fransa bu məsələyə birdəfəlik son qoymalıdır. Əgər doğurdan da münaqişənin həllini tam şəkildə sülh yolu ilə istəyirlərsə, bu məsələlər həll olunmalıdır”.