"Düşünmürəm ki, Paşinyanın aqibəti onun istədiyi kimi olacaq” RƏY-ÖZƏL

17 Noyabr 2018 10:19 (UTC+04:00)

"Parlament seçkiləri ərəfəsində Ermənistanda vətəndaş müharibəsi baş verməsə də, lakin ciddi gərginlik müşahidə olunur. Bu gərginlik getdikdə daha da artacaq”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib

Politoloq bildirib ki, gərginliyə səbəb olan məsələlərdən biri Paşinyanın partiya tərəfdarları da onun partiyasından çıxması, onun opponentlərinin, digər siyasi partiyaların meydana gəlməsidir.

Onun sözlərinə görə, keçmiş rejimin nümayəndələri Paşinyanın zəif nöqtələrindən istifadə edərək, artıq güclənərək ona qarşı ittihamlar sürməyə başlayıblar: “ Bütün bunlarla yanaşı biz Paşinyanın iki tərəf arasında qalaraq çapaladığına da görürük. Belə ki, o Qərbə yaxınlaşmaqla Rusiyanı qıcıqlandırır ki, bu da onun üçün heç də yaxşı heç nə vəd etmir. Paşinyan cinayətkarlara qarşı istintaq açdırsa da bunun özü rəqiblərini aradan çıxarmaq oyunudur. Parlament seçkiləri ərəfəsində onun bu addımları yalnız özünün qalibiyyətinə yönəlib”.

F. Sadıqov hesab edir ki, seçki ərəfəsində Ermənistanda gərginlik daha da güclənə bilər: “Əgər xarici oyunçular Ermənistandakı gərginlikdən səmərəli şəkildə istifadə etsələr, düşünmürəm ki, Paşinyanın aqibəti onun istədiyi kimi olacaq”.