"Fransa ermənilərin ana vətənidir" AÇIQLAMA-ÖZƏL

17 Noyabr 2018 10:06 (UTC+04:00)

“ATƏT-in Minsk qrupunun yaradılmasına 3 dövlətin əsas götürülməsində məqsəd heç də Dağlıq Qarabağ probleminin həllinə nail olmaq deyil. Burada məqsəd problemin həllini ləngidərək, ölkəmizin ziyanına, Ermənistanın xeyrinə olan həll yoluna təhrik etməkdir. Amma Azərbaycan problemin həlli ilə əlaqədar öz iradəsini ortaya qoyaraq onların məqsədlərinə nail olmaqlarına imkan vermir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O bildirib ki, ATƏT-in Minsk qrupu yaradılandan bu günə qədər münaqişənin həlli istiqamətində heç bir əməli addım atılmayıb: “ Onlar beynəlxalq turizm şirkəti kimi ancaq dünyanın müxtəlif ölkələrində görüşlər keçirmək, həmin ölkələrin ən bahalı otellərində qalmaq və digər istirahət məqsədli addımlar atmaqdır. Onlar illərdir ki, problemin həlli istiqamətində vasitəçi olsalar da indiyədək bir qarış torpağımızın belə işğaldan azad olunmasına nail olmayıblar . Bir sözlə desək Minsk qrupu bəhrəsiz fəaliyyətlə məşğuldur”.

Bu günlərdə həmsədr ölkə olan Fransanın separatçı rejimin rəhbəri Bako Saakyanı ölkəsində qəbul etməsi məsələsinə toxunan deputat söyləyib ki, sözügedən ölkə hər zaman ermənilərin ana vətəni hesab olunub: “ Çünki, ermənilər sonradan Azərbaycan torpaqlarına köçürülüb, özlərinə dövlət yaradıblar. Fransa da isə bundan əvvəl məskunlaşıblar. Fransanın rəsmi dairələri hər zaman separatçı rejimini dəstəkləyiblər. Əgər indi Fransa rəhbərliyi Azərbaycana qarşı cinayət törədən və hərbi cinayətdə adı hallanan bir separatçı rejimin rəhbəri, cinayətkar Bako Saakyanı ölkəsində qəbul edirsə, bu ölkəmizə qarşı hörmətsizlikdir. Ona görə də biz də buna cavabsız qalmamalıdır. Əgər Fransa belə addımlarını davam etsə, o zaman onların buradakı şirkətlərinin fəaliyyətinə xitam verilməlidir”.

E. Məmmədov qeyd edib ki, bu yaxınlarda verilən məlumata əsasən, 200-dən çox Fransa şirkəti Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz fəaliyyətlə məşğuldurlar: “Bu yaxınlarda sözügedən ölkədən iş adamları, bələdiyyə sədrləri, rəsmilər Dağlıq Qarabağa qanunsuz səfərlər ediblər. Fransada uzun müddətdir ki, qondarma qurumun nümayəndəliyi fəaliyyət göstərir. Bütün bunlar göstərir ki, Fransa tərəfsiz vasitəçi ola bilməz. Fransa problemin həlli istiqamətində danışıqlarda ciddi şəkildə tərəf olduğu üçün onun ATƏT-in Minsk qrupunda həmsədrlik məsələsinə mütləq şəkildə baxılmalı və imtina olunmalıdır”.

Fransaya qarşı diplomatik tədbirlərin görülməsinin vacibliyini qeyd edən deputat söyləyib ki, əgər bu ölkə cinayətkarları dəvət edir, onlarla rəsmi qeyri-rəsmi görüşlər keçirir, onlara yardımlar, himayədarlıq edirsə, demək ki özü də cinayətkardır: “ Tarix təkrarlanır. Fransanın tarixinə baxdıqda bütün Şimali Amerika ölkələrində və başqa ölkələrdə ciddi soyqırımları törətdiyini görmək mümkündür. Ermənilər də onların davamçısı olaraq türklərə və azərbaycanlılara qarşı belə soyqırımları törədiblər. Ona görə də onlar bir-birilərini bəyənib və qəbul edirlər”.