Lars Olsen: "Azərbaycan yaxşı komandadır"

16 Noyabr 2018 23:19 (UTC+04:00)

"Yaxşı məşq etmişik. Zədəli futbolçumuz yoxdur. Sabahkı oyunu səbrsizliklə gözləyirik. Azərbaycanla ilk oyunda 0:3 hesabı ilə uduzduq. Həmin oyunda Kobud səhvlərə yol verdik və rəqib bizi cəzalandırdı. Azərbaycan yaxşı komandadır. Lakin qalib gələcəyimizə inanırıq". Bu sözləri Farer adaları millisinin baş məşqçisi Lars Olsen UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda sabah Azərbaycanla keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

- Azərbaycana oyuna 4 gün qalmış gəlməyiniz nə ilə bağlıdır?

- Hava şəraiti Farer adaları ilə eynidir. Tez gəlməyimiz bura uyğunlaşmaq üçündür. İlk matçda uduzsaq da, bərabər oyun getdi. Bu dəfə də elə olacaq.

- Mətbuatda start heyətini açıqladığınız yazılmışdı. Hansısa dəyişiklik olacaq?

- Mən heç bir 11-lik elan etməmişəm. Ola bilər ki, bu, hansısa media nümayəndəsinin təxəyülünün məhsuludur.

- Komandanın kapitanı aqressiv görünürdü. Oyunçularınızın qırmızı vərəqə almasından ehtiyatlanmırsınız?

- Elə deməzdim. Onlar çox sakitdir. Emosianallıq hamımızda eyni formadadır.

- Azərbaycanla ilk oyunun mətbuat konfransına gəlməmişdiniz. Sabah da məğlub olsanız, eyni addımı ata bilərsiniz?

- Xeyr, bu, baş verməyəcək. Burda olmağımı istəyirsinizsə, nəticədən asılı olmayaraq, konfransa qatılacam.

- Qrupun favoriti sizcə kimdir: Kosovo, yoxsa Azərbaycan?

- Bu məsələ ilə bağlı öz fikrimi bildirəcəm. Baş məşqçi kimi, öz komandamı qeyd etmək çətindir. Qrupda qarşılaşdığımız ən güclü rəqib Kosovo idi. Favorit onlardı.