Müşfiq Ələsgərli: "Elmdar kimilərindən dəyənək rolunda istifadə etmək belə ölkəyə ziyandır" AÇIQLAMA-ÖZƏL

15 Noyabr 2018 17:38 (UTC+04:00)

“Aztoday.az” adlı sayta və onun sahibi olan Elmdar Əliyevə qarşı mənim, media ictimaiyyətinin, eləcə də ölkə ictimaiyyətinin yanaşması bəllidir. O, qeyri-intellektual, səviyyəsiz, şər-böhtan, iftira dolu yazılarına görə öz qiymətini alıb, adı Mətbuat Şurasının “Qara siyahı”sına salınıb”. Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

O bildirib ki, sözügedən saytın və onun rəhbərinin nəinki media prinsiplərinə aidiyyatı yoxdur, ümumiyyətlə müzakirəyə çıxarılmasının özü uyğunsuzdur: “Hər halda heç kimə “kiminsə əlində dəyənək olmaq” statusu arzulamıram. Mənim sözüm Elmdardan bir vasitə kimi istifadə edənlərə olub, bu gün də fikrimdə qalıram”.

Mətbuat Şurasının sədr müavini söyləyib ki, Elmdar kimilərindən hətta, dəyənək rolunda istifadə etmək belə ölkəyə ziyandır: “Çünki onlar dəyənək rolunu oynamaqdan şərəflənir, baş qaldırır, çoxalır, cəmiyyət üçün problemə çevrilirlər. Uzun illik təcrübəmizdən görmüşük ki, “Reket jurnalist şəbəkəsi” belə formalaşır. “Media Klub” rəhbərlərinə iradım bu üzdən olub: onlar ehtimal ki, bu tip insanlardan keçici maraqlar üçün istifadə etdiklərini düşünürlər, amma təcrübə göstərir ki, yanılırlar, bunlar da fürsətdən yararlanırlar, şəbəkələşirlər, daha böyük problemə çevrilirlər. Əgər İkramla, Elmdarla uyğunluğumuz yoxdur demək istəyirlərsə və bunu Elmdarın öz dili ilə çatdırırlarsa, bu həm qüsurlu, həm də təhlükəlidir. Cəmiyyət bir tərəfə, özləri üçün də təhlükəlidir”.

Adı çəkilən şəxslərə bir neçə il öncə yaratdıqları “Redaktorlar Birliyini” nin aqibətini xatırladan M. Ələsgərli qeyd edib ki, Elmdarın İkramla, eyni zamanda, onların hər ikisinin “Media Klub” adlı birliklə əlaqələrini isbatlamaq ciddi araşdırma istəmir, hər şey ortadadır: “İkramın əməllərinə görə cavab verməli olduğu məqamda, yəni DTX-nın onu saxlamasından öncə kimi yanına qaçdığını hər kəs bilir. Biz desək, subyektiv olar. Zatən İkram özünün “Facebook” hesabında da yazıb. Maraqlananlar baxa bilərlər”.