Kreyq Ridi: "Bizim qərarlara qarşı qərəzli mövqedə olanlar var"

15 Noyabr 2018 16:48 (UTC+04:00)

Bakıda keçirilən Ümumdünya Antidopinq Agentliyinin (WADA) Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclasından sonra mətbuat konfransı təşkil olunub. SİA-nın məlumatına görə, konfransda WADA-nın prezidenti Kreyq Ridi və qurumun digər rəhbər şəxsləri iştirak ediblər.

K.Ridi WADA-nın tədbirlərinin Bakıda təşkilinə verdikləri dəstəyə görə Azərbaycan hökumətinə, Milli Antidopinq Agentliyinə, eləcə də gənclər və idman naziri Azad Rəhimova təşəkkür edib. O, Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclasında əhəmiyyətli qərarların qəbul olunduğunu söyləyib: "Bu, çox məhsuldar tədbir oldu. WADA bir sıra tədbirlər həyata keçirir. Qurum böyük işçi qüvvəsinə malikdir. Onlar təmiz idmanı təşviq edirlər. WADA yalanların qarşısını almağa və idmançıları qorumağa çalışır".

K.Ridi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) işini yüksək qiymətləndirdiyini söyləyib: "Bir neçə ildir nazir Azad Rəhimovla söhbətlər aparırıq. O da yaxşı bilir ki, Azərbaycanda idmanın yüksək səviyyədə olması üçün Antidopinq Agentliyinin mövcudluğu zəruridir. Yeni yaranan yerli təşkilatın inkişafının şahidi oluruq. AMADA-nın cavan direktoru var. Onun da inkişafda rolu olub. Bundan sonra irəliyə baxılmalıdır".

K.Ridinin sözlərinə görə, WADA-nın strukturunda dəyişikliklər olacaq. Qurumun rəhbəri deyib ki, texniki heyət noyabrın 28-də Rusiya Antidopinq Agentliyinə (RUSADA) baş çəkəcək.

O, bir müddət əvvəl Ağ Evdə ABŞ prezidenti Donald Trapmla görüşünə də toxunub: "Ağ Evdəki görüşdən sonra məlum oldu ki, bizim qərarlara qarşı qərəzli mövqedə olanlar var".