"Bu, parlamentin nüfuzuna xələl gətirir"

15 Noyabr 2018 13:43 (UTC+04:00)

“Bəzi hallarda demək olmur, jurnalistlər başqa cür yozur. Müəyyən vaxtlarda texniki işçilər Milli Məclisdə qanun layihələrinin qəbulu zamanı səs verirdilər. Bu, parlamentin nüfuzuna xələl gətirir. Doğru olaraq, Konstitusiyaya salındı ki, deputat özü şəxsən səs verməlidir”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Çingiz Qənizadə deyib.

“Kimsə texniki işçiyə arxayın olub parlamentin iclasında iştirak etməyib şəxsi işi ilə məşğul olursa, birdəfəlik şəxsi işi ilə məşğul olmalıdır. Statusumuza uyğun olaraq bu qanuna dəyişikliyi müdafiə etməliyik”-deyə, deputat əlavə edib.

Ç.Qənizadə Milli Məclisin plenar iclaslarının ikinci hissəsində iştirak etməyən deputatları tənqid edib: “Bəziləri saat 12:00-da Milli Məclisin plenar iclasına gəlir, saat 14:00-dan-fasilədən sonra iclası tərk edir. Həmin vaxt Gəncədə və Şəmkirdə yeyib-içən deputatlar bilməlidir ki, saat 16:00-da yenidən Milli Məclisdə olmaq lazımdır. Burada bəhanə axtarmağa ehtiyac görmürəm”.

Deputat İlham Əliyev Ç.Qənizadəyə cavab olaraq deyib ki, hər kəs özünə cavabdehdir: “Deputat plenar iclasın birinci hissəsində qeydiyyatdan keçərək iştirak edir, ikinci hissədə üzrlü səbəbdən iştirak edə bilmirsə, bunu Milli Məclisə necə bildirməlidir? Bəzən elə olur ki, tədbirlərə dəvət oluruq, bu tədbirlər də adətən günün ikinci hissəsində olur. Kimin ikinci hissədə harada iştirak etməsinin kiməsə aidiyyatı yoxdur. Hər bir deputat özünə cavabdehdir”.