İki amerikalı 700 milyon dolları bölüşəcək - CEK-POT

15 Noyabr 2018 11:32 (UTC+04:00)

Nyu-York sakini 67 yaşlı Robert Beyli Amerikada “Powerball” lotereyasının qalibi olub. 25 il ərzində “Powerball” biletləri alan R.Beyli bu müddətdə həmişə eyni rəqəmlərin kombinasiyasından istifadə edirmiş. Nəhayət, bu kombinasiya ona inanılmaz uğur gətirib. Budəfəki tirajın cek-potu 700 milyon dollara yaxın olub. Beyli bu məbləği Texasdan olan bir qadınla bölüşəcək.

“Powerball” lotereyasının təşkilatçıları xəbər verir ki, Beyli lotereya biletini Harlemdəki mağazaların birində alıb. Uzun illər boyu lotereya oynayan Beyli indiyə qədər bir dəfə 30 min dollar udub.

Qalib oyunçunun sözlərinə görə, lotereyada istifadə etdiyi rəqəmlərin kombinasiyası heç də təsadüfi deyil. 25 il bundan əvvəl ona bu rəqəmləri yaxın qohumlarından biri verib. Beyli inanırdı ki, bu kombinasiya gec-tez ona uğur gətirəcək. Beləliklə, bütün zəruri tutulmalar ödənildikdən sonra ona 198 milyon dollar çatacaq.

Qeyd edək ki, “Powerball” lotereyasının uduş tirajları hər həftənin çərşənbə və şənbə günlərində keçirilir. Budəfəki uduş məbləği Nyu-York ştatının tarixində ən böyük məbləğdir.