Kommunal xidmət göstərən qurumlar qışa hazırdırmı? ARAŞDIRMA

12 Noyabr 2018 17:02 (UTC+04:00)

Artıq qış yavaş-yavaş “qapı”ya yaxınlaşır. Hava soyuduqca insanları düşündürən əsas məsələlərdən biri istilik, işıq, qaz, su kimi kommunal problemlərdir. Havalar soyuduqca insanların kommunal tələbatlarının artdığını desək yanılmarıq. Amma qış fəslində havanın sərt keçməsi nəticəsində kommunal problemlərin yaranma ehtimalının olduğunu nəzərə alaraq aidiyyatı qurumların qış mövsümünə necə hazırlaşdıqlarını onların öz dilindən öyrəndik. İnsanlara kommunal xidmət göstərən müvafiq qurumlar soyuqlara hazırdırmı?

“Qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub”

“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev söyəyib ki, 2018-2019-cu illər payız-qış mövsümünə hazırlıqla əlaqədar “Azəristiliktəchizat” ASC tərəfindən təsdiq edilmiş tədbirlər planlarına uyğun olaraq istilik təchizatı obyektlərinin mövcud qazanxana, istilik şəbəkələri, magistral və məhəllədaxili istilik kəmərləri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası davam etdirilib: “İstilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında 1 noyabr tarixindən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabr tarixindən başlanılması və mövsüm ərzində Cəmiyyətə məxsus 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, o cümlədən 180 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1300-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunmuş, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib”.

Xidmət rəisi qeyd edib ki, tədbirlər planına əsasən 550 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb, 564 odluq təmir olunub, 700 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, qazanların 27425 m ekran boruları və konvektiv hissələri dəyişdirilib, 1100 ədəd qazan mexaniki və kimyəvi üsullara təmizlənib, qazanlarda 1210 m2 izolyasiya örtüyü təmir olunub: “İstilik şəbəkələrində 20710 ədəd siyirtmə və ventil təftiş olunub, onlardan 9750 ədədi əsası və cari təmir olunub, 705 ədədi isə yenisi ilə əvəz olunub. Magistral və məhəllədaxili İstilik xətlərində 14870 m2 istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 12500 m2 dam örtüyü təmir edilib. Bundan başqa 595 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib və Na-kationit süzgəclərində 31 ton kationit materialları dəyişdirilib”.

R.Əliyev söyləyib ki, istilik təchizatı sistemində ən vacib sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2018-2019-cu illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülüb: “Belə ki, 974 km istilik xətləri yuyulub və hidravlik təzyiqə yoxlanılıb, 30.5 km məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunub, 675 km istilik kəməri təmirdən sonra hidravlik təzyiqə yoxlanılıb. Bundan başqa 1880 ədəd qoruyucu klapan və 2280 ədəd əks klapan, 465 ədəd ehtiyat su çəni təftiş və təmir olunub, 3080 ədəd çirktutan təmizlənib və 1154 ədəd qaz təsərrüfatı təftiş olunaraq 104 km qaz xətti yoxlanılıb. Hazırda payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər davam etdirilir. Eyni zamanda bildiririk ki, payız qış mövsümünün yaxınlaşması ilə əlaqədar istehlakçılar tərəfindən də yaşayış binaları, mənzillər və sosial obyektlərdə enerji qoruyucu tədbirlər görülməli, binaların ümumi istifadədə olunan hissələrində, pilləkən qəfəslərində və digər yerlərdə qapı və pəncərələrdən istilik itkilərin qarşısının alınması üçün müəyyən işlər görülməli, binadaxili və mənzil daxili istilik sistemləri təkrar yoxlanılmalı, istilik sistemlərində yaranmış su sızmaları və axıntılar dərhal aradan qaldırılmalı, əvvəlki mövsümdə istilikvermə qabiliyyəti zəif olan qızdırıcı cihazlar yuyularaq təmizlənməli və ya yenisi ilə əvəz olunmalı, köhnə polad borulardan olan dik dayaqlarda tutulma halları müşahidə olunduğu zaman həmin dik dayaqlar yenisi ilə əvəz olunmalıdır”.

“Mövsümlə əlaqədar tələbat artdıqca, qazın verilişi də artırılacaq”

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib ki, 2018-2019-cu ilin payız-qış mövsümündə Azəriqaz İB tərəfindən tədbirlər proqramı işlənib hazırlanıb: “Tərtib edilən tədbirlər proqramına uyğun olaraq işlərin icrasına bu ilin may ayından etibarən başlanılıb və artıq payız-qış mövsümü ilə bağlı görülən işlər yekunlaşdırılıb. Bu müddət ərzində 108.12 kilometr uzunluğunda qaz kəməri dayaqları üzərinə qaldırılıb, yenidən rənglənib. Qaz xətləri üzərində 560 ədəd qaz tənzimləyici, 576 ədəd siyirtmə yenisi ilə əvəz olunub. Ötən illərdə olduğu kimi 2018-ci ilin 10 ayı ərzində əhalinin və digər qeyri-əhali istehsalçılarına normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşması, qaz təminatının bərpası, qaz təchizatı şəbəkəsinin əsaslı təmiri kimi məsələlərə xüsusi diqqət yetirilib. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəql etmə imkanının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün birlik tərəfindən 2018-ci ilin ötən dövrü ərzində 2848 kilometr yeni qaz kəmərləri quraşdırılıb. Qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin edilməsi üçün isə 208.8 km qaz kəməri əsaslı təmir edilib”.

Qurum sözçüsü söyləyib ki, aparılan tikinti quraşdırma işləri nəticəsində Ağstafa, Ağcabədi, Ağsu, İsmayıllı, ümumilikdə 29 inzibati rayon üzrə 99 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib: “Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin quraşdırılmasında bir pilləli tənzimləmə sistemi tətbiq edilir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçıya ötürülən qazın sabit rejimdə saxlanmasına zəmin yaradır. İşlər hazırda da tərəfimizdən davam etdirilir”.

İ.Kərbalayev deyib ki, qış aylarında yayla müqayisədə qaza olan tələbat daha da artıq olur: “Havaların soyuması təbii qaza olan tələbatı artırır. Yaya aylarında ümumi sərfiyat 5-10 milyon kub metr arasında dəyişirsə, artıq havalar soyuduqca, şaxtalı günlərdə 30 milyon kub metri ötür. Ümumiyyətlə, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qaz tələbata uyğun təmin edilir. Tələbat artdıqca, təbii qazın verilişi də tərəfimizdən artırılacaq. Birliyin 8 regional Qaz İstismar İdarələri, Bakı şəhəri üzrə Səbail, Nəsimi, Xətai, Nizami və digər rayonları əhatə edən Regional Qaz Departamenti fəaliyyət göstərir”.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, "Azəriqaz" İstehsalat Birliyinin Təmir Tikinti İdarəsi payız-qış mövsümünə hazırlıqla bağlı işçi qüvvəsi, lazımi alət, avadanlıq, maşın mexanizmləri ilə tam şəkildə təmin edilib: “Bununla da havaların kəskin şəkildə soyuması nəticəsində xətlərdə hər hansı qıza yaranarsa, o zaman dərhal müdaxilə etmək, yaranan çatışmazlıqları aradan qaldırmaq mümkün olacaq. O cümlədən "Azəriqaz" İstehsalat Birliyinin 104 və 185 nömrəli Çağrı Mərkəzi həftənin 7 günü 24 saat ərzində fasiləsiz olaraq fəaliyyət göstərir. Daxili olan müraciətlər hansı rayondan daxil olubsa, operativliyi təmin etmək məqsədilə həmin rayona elektron qaydada göndərilir. Əməkdaşlarımız çağırış olan ərazilərə gedərək məsələnin həlli ilə məşğul olaraq, problemin həlli istiqamətində məlumat verirlər”.

“Qış aylarında istehlakçılar keyfiyyətli elektrik enerjisi ilə təchiz olunacaqlar”

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, qurumun əsas missiyası 24 saat ərzində hər bir abonentin keyfiyyətli elektrik enerjisi ilə təchizatıdır: “2018-2019-cu ilin payız-qış mövsümü əvvəlki illərdən yaxşı mənada fərqlənəcək. Son illərdə apardığımız yenidənqurma, əsaslı təmir-tikinti işləri bunu deməyə əsas verir. Xüsusilə də dağ və dağətəyi rayonlarda hava şəraitinin sərt keçməsi ehtimalı ilə əlaqədar əlavə mal-materiallarımız, avadanlıqlarımız, maşın-mexanizmlərimiz var, ehtiyatımız böyükdür. Hazırda bütün yarımstansiyalarımızda cari təmir işləri başa çatdırılır. Elektrik Şəbəkələri hava şəraitinin şıltaqlığı nəticəsində hər hansı qəza baş verərsə, həmin qəzaların operativ aradan qalıdırılmasına tam hazırdır. 24 saat “Çağrı Mərkəzi” fəaliyyət göstərir və Abonentlər 199 nömrəsinə zəng edərək problemlərini rahat şəkildə çatdıra bilərlər ”.

Qurum sözçüsü söyləyib ki, ötən 12 ildə "Azərişıq" ASC-nin balansındakı paylayıcı elektrik şəbəkələrində 54 ədəd yeni 110 kV-luq yarımstansiyalar inşa edilib: “Yeni inşa edilmiş 35 kV-luq yarımstansiyaların sayı isə 163-ə çatır. 2006-2018-ci illərdə 5322 transformator və komplekt transformator məntəqəsi inşa olunub. 759580 dayaq quraşdırılıb, 47650 kilometr uzunluğunda müxtəlif gərginlikli hava və kabel xətti çəkilib. Silsilə və kompleks tədbirlər hesabına "Azərişıq" ASC-nin regional elektrik şəbəkələrində texniki itkilər 2018-ci ilin 9 ayının yekununa görə 10%-ə endirilib. Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü “Azərişıq” ASC-nin yarandığı 2015-ci ilin əvvəlindəki 9500 meqavoltamperdən 2018-ci ilin sonuna bu göstərici 12900 meqavoltamperə çatdırılacaq”.

T.Mustafayev qeyd edib ki, Bakı şəhərinin elektrik şəbəkələrində irimiqyaslı yenidənqurma işləri aparılmaqla yeni güc mərkəzləri yaradılıb, elektrik enerjisi itkilərinin azaldılması, enerji haqlarının vaxtında və tam şəkildə yığılması üçün təşkilati və texniki islahatlar aparılıb, beynəlxalq standartlara uyğun 110 və 35 kV-luq dairəvi elektrik təchizatı sxemləri yaradılıb, yeni 110;35;10;6 və 0,4 kV-luq elektrik şəbəkələri infrastrukturu yaradılıb: “Şəhərin paylayıcı elektrik şəbəkəsinin normalara uyğun istismarının təşkili, qorunub saxlanılması, gözlənilən inkişafa uyğun artan elektrik güclərinin qarşılanması üçün lazımi texniki tədbirlərin, yəni mövcud köhnəlmiş şəbəkənin yenilənməsi, genişləndirilməsi, yeni güc mərkəzlərinin, 110 və 35 kV-luq dairəvi elektrik təchizat sxemlərin yaradılması, qəza hallarında operativliyin yüksəlməsi və dayanıqlı elektrik enerjisi təminatının yaradılması üçün 24 ədəd 110 kV-luq, 86 ədəd 35 kV-luq, 2062 ədəd 10-6 kV-luq YS inşa edilib, 29400 km müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib. “Azərişıq” ASC tərəfindən regionlarda 26 ədəd 110 kV-luq, 64 ədəd 35 kV-luq, 3260 ədəd 10-6 kV-luq yarımstansiyalar inşa edilib, 17725 km müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib. Bütün bunlar əsas verir ki, cari payız-qış mövsümü ərzində "Azərişıq" ASC-nin istehlakçılara göstərdiyi xidmətin səviyyəsi əvvəlki illərdən fərqlənəcək. Abonentlərimizin elektrik enerjisi ilə təchizatında heç bir problem olmayacaq, tələbat tamamilə ödəniləcək”.

“Su anbarlarının ən şaxtalı günlərdə belə istismara tam şəkildə hazırdır”

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, “Azərsu” tərəfindən mövsümlə əlaqədar olaraq payız aylarından başlayaraq mərkəzi kollektor, kanalizasiya xətləri, mövcud yağış daşıyıcı xətləri, yağış barmaqların, təmizləyici qurğuları, təxliyə xətlərinin monitorinqi aparılır: “Mövsümə hazır olmaq üçün bu sahədə mövcud çatışmazlıq və problemləri tam aradan qaldırılmasına çalışırıq. Qış aylarında əsas problemlərdən biri havanın şaxtalı olması ilə bağlıdır. Belə ki, şaxtalı günlərdə xüsusilə də fərdi evlərdə su xətlərinin donması ilə bağlı problemlər yaranır. İnsanlar bizə müraciət edərək suyun gəlməməsindən şikayət edirlər. “Azərsu” təmir xətt sahiblərinə və eləcə də sayğaclarla əlaqədar vətəndaşlara onların qorunması ilə bağlı tövsiyələrini verir. Əgər fərdi evlərdə şaxtalı havada su sayğacı donub partlayarsa, o zaman sayğaclar həmin şəxslərin öz maliyyə hesabına dəyişdirilir. Sayğaclar əhaliyə pulsuz verilir. Amma donvurma zamanı onların sıradan çıxmasına görə fərdi ev sahibləri məsuliyyət daşıyır”.

Şöbə müdiri söyləyib ki, ASC qışa bir neçə ay bundan öncədən hazırdır: “Bakı və ətraf ərazilərdə ASC tərəfindən 3 yeni - Bayıl-Bibiheybət-Lökbatan, Həsən Əliyev küçəsində 4 kilometri əhatə edən, Novxanı-Sumqayıt kollektorları tikilib. Köhnə kollektorlarda monitorinqlər aparılır, təmir işləri həyata keçirilir. Kollektorlar xüsusi robotlarla yoxlanılaraq, böyük məişət tullantılarından təmizlənib və bu xətlərin ötürücülük qabiliyyətləri 100 faizə çatdırılıb. Elə yerlər var idi ki, orada ötürücülük qabiliyyəti 30 faizə qədər azalmışdı. Bu işlər nəticəsində mərkəzi kollektor xətlərindən 12 min kub metr bərk məişət tullantıları çıxarılıb. Bu tullantıların arasından soyuducu, maşın təkəri, heyvan dərisi, heyvan başı, qum, çınqıl və digərləri olub. Eyni zamanda qurum tərəfindən Xocəsən- Binəqədi-Xırdalan, Dərnəgül-Hövsan-Qaraçuxur istiqamətində mövcud olan kollektorlarda işlər həyata keçirilir. Orada tikinti işlərinin bir hissəsi həyata keçirilib və investisiya ayrıldıqca işlər davam etdirilir”.

A.Cəbrayıllı qeyd edib ki, Azərbaycan hökumətinin və Koreya İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsi çərçivəsində Sabunçu rayonunun Pirşağı qəsəbəsi yaxınlığında məhsuldarlığı sutkada 40 min kubmetr olan tullantı su təmizləyici qurğunun tikintisi intensiv qaydada davam etdirilir: “Burada işlərin demək olar ki, 50 faizi icra edilib. Növbəti ildə işlərin tam yekunlaşdırılması nəzərdə tutulur”.

Mətbuat xidməti əlavə edib ki, “Azərsu”nun anbarlarının bütün xətləri mövsümlə əlaqədar olaraq ən şaxtalı günlərdə belə istismara tam şəkildə hazırdır.