"Ermənistan regional diplomatiyada Azərbaycana aşkar və birmənalı məğlub olmanın dərin şokunu yaşamaqdadır" ŞƏRH (ÖZƏL)

11 Noyabr 2018 10:30 (UTC+04:00)

"KTMT rəhbərliyini əldə saxlamaq uğrunda mübarizədə Ermənistanın ağır məğlubiyyəti sonrakı təsirlərini hələ uzun illər göstərəcək. Həm KTMT sisteminin özündə, həm də Rusiyanın patronajlıq etdiyi Avrasiya İqtisadi Birliyi, Sanxay Əməkdaşlıq Təşkilatı kimi digər regional dövlətlərarası təşkilatlarda da Ermənistan etimadsızlığın aşkar əlamətlərini yaşayacaq". Bu fikirləri SİA-ya açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

O bildirib ki, müttəfiq və ya tərəfdaş kimi Ermənistana inam və güvən tam qırılıb: "Ermənistanın yeni rəhbərliyi Xaçaturova cinayət işi açandan sonra da KTMT Baş Katibliyini reqlamentə uyğun olaraq 2020-ci ilədək əldə saxlayacağına çox ümidli idi. Baş nazir Paşinyanın planı bu məsələdə ikibaşlı idi. Ermənistanda daxili siyasi rəqiblərini repressiya yolu ilə sıradan çıxarmaq və eyni zamanda KTMT Baş katibliyini əldə saxlamağı hədəfləmişdi. Lakin çox sayda ağıllı ekspertlərin əvvəlcədən gözlədiyi kimi Paşinyan uğursuz oldu. Strateji müttəfiq kimi Rusiyanın siyasətini və mənafelərini, eləcə də onun ən böyuk təhlukəsizlik təşkilatının nüfuzunu özünün qərbyönümlü geosiyasi sifarişli oyunları xatirinə zədələməyin əvəzini ağır ödədi".

Baş redaktor deyib ki, Ermənistan Azərbaycana qarşı təcavüzkar müharibədə həmişə ən son güvən yeri kimi təsəvvür etdiyi KTMT-da sarsıdıcı zərbə aldı və hörmətsiz vəziyyətdə təşkilatın bir kuncunə atıldı: "KTMT liderləri Ermənistanın sonrakı niyyətlərini təhqiramiz formada pozdu və Ermənistan üçün arzuedilməz əsasnamə dəyişikliyi etdi. Təşkilatın müşahidəçi statusunun təsis edilməsi ilə Ermənistana göstərildi ki, ilk növbədə Azərbaycan özu arzu etdiyi halda təşkilata daha yaxın buraxılacaq. Hadisələrin belə inkişafının qarşısını almaq üçün Ermənistanın nə qədər çalışdığını nəzərə alsaq, Azərbaycan diplomatiyasının hansı nəticəyə vardığına bir daha əmin ola bilərik".

A.Quliyev qeyd edib ki, Azərbaycan bu böyuk nəticəyə həmin təşkilatın strukturlarından tam kənar şəraitdə nail olub: "Aşkar görünür ki, KTMT liderləri Qafqaz və ona bitişik regionlarda öz strateji planlarını əsasən Azərbaycanın maraqları və imkanlarına uyğunlaşdırmağa yönəliblər. Ermənistanın KTMT-da dərin iflasa uğraması, birbaşa Baş nazir Paşinyanın strateji müttəfiqlərə qarşı arxadan zərbə siyasətinin və dolayı olaraq Azərbaycan Prezidentinin Rusiya ilə daha düşünülmüş strateji siyasət aparmasının nəticəsi olaraq mümkün oldu".

Azərbaycanın regionda Rusiyanın ən etbarlı strateji tərəfdaşına çevrilmək üçün daha ağıllı addımlar atdığını deyən baş redaktor vurğulayıb ki, ölkəmiz bu addımları Ermənistanın ikibaşlı və xəyanətkar geosiyasi oyunlarla nəyəsə nail olmağa çalışdığı bir vaxtda atır: "Azərbaycan regionda Rusiyanın ən etibarlı strateji tərəfdaşına çevrilə biməsəydi, Ermənistanın KTMT-da iflası bu qədər dərin şəkil ala bilməzdi.Tək Paşinyan yox, bütün Ermənistan dövləti sarsıdıcı zərbə aldı. Azərbaycan diplomatiyası KTMT ilə sonrakı münasibətlərdə daha geniş manevr imkanları qazandı. Ermənistan strateji müttəfiq kimi olan -qalan nüfuzunu itirdi. KTMT-nin Astana sammiti nümayişkaranə səkildə hamıya göstərdi ki, strateji seçimlərdə Ermənistana güvənmək olmaz. Ermənistan bu cür beynəlxalq təşkilatların yüksək postlarında təmsil olunmaq şanslarını demək olar ki,itirdi. Bu, Azərbaycan diplomatiyasının tarixi üstünluk qazandığı mühüm məqamlardan biridir". A.Quliyev əlavə edib ki, sammitdən sonra Ermənistan KİV-ində KTMT-yə, Rusiya,Qazaxıstan və Belarusa qarşı başlanmış kampaniya Paşinyanın bu uğursuzluqdan necə sarsıldığının göstəricisidir: "Erməni təbliğatı KTMT-ni həqarətlə yetişməmiş təşkilat,avtoritar rejimlərin konqlomerat birliyi (yəni bir-birinə uyuşmaz şeylərin mexaniki yığımı), türk-slavyan sövdələşməsi kimi xarakterizə etməkdən çəkinmir. Astanadakı uğursuzluq Ermənistanı möhkəm yaralayıb. Hətta KTMT-ni tərk etmək və ABŞ-a sığınmaq kimi eyhamlar eşidilməyə başlanıb. Ermənistan regional diplomatiyada Azərbaycana aşkar və birmənalı məğlub olmanın dərin şokunu yaşamaqdadır".