Amaliya Pənahova dəfn edildi (YENİLƏNİB)

9 Noyabr 2018 16:00 (UTC+04:00)

Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Amaliya Pənahova dəfn olunub. Dəfn mərasimində mərhumun ailə üzvləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, rəsmi şəxslər iştirak ediblər.

A.Pənahova "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimindən əvvəl Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında aktrisa ilə vida görüşü keçirilib. Qeyd edək ki, aktrisa 2018-ci il noyabrın 8-də 73 yaşında vəfat edib. O, 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirib. 1964-cü ildən bu günədək teatr və kino sahəsində 500-dən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar. 1968 və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülüb.

Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Azərbaycan SSR-in Əməkdar artisti, 1985-ci ildə isə Xalq artisti fəxri adı verilib. 1982-ci ildə "İlin aktrisası" elan edilib, 1998-ci ildə isə Türk dünyasının Birinci kino festivalında Türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunub. 17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Allah rəhmət eləsin!