Xalq artisti Amalya Pənahova ilə vida mərasimi keçirilir

9 Noyabr 2018 11:35 (UTC+04:00)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Amalya Pənahova ilə vida mərasimi keçirilir.

Vida mərasimində mərhumun ailə üzvləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, rəsmi şəxslər iştirak edirlər.

A.Pənahova "Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

A.Pənahova 2018-ci il noyabr ayının 8-də ömrünün 74-cü ilində vəfat etmişdir.

O, 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962–1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil almışdır.

1964-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilən Amalya Pənahova burada 1992-ci ilədək səhnə fəaliyyətini davam etdirmişdir. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və ömrünün sonunadək həmin teatra rəhbərlik etmişdir.

Zəngin yaradıcılıq axtarışları sayəsində milli teatr və kino sənətinə dəyərli töhfələr vermiş Amalya Pənahova müasir Azərbaycan mədəniyyətində özünəməxsus layiqli yer tutur. Azərbaycan teatrının parlaq ənənələri zəminində formalaşan və bu irsə həmişə sadiq qalan sənətkar gözəl ifa tərzi və yüksək səhnə mədəniyyəti ilə qısa müddət ərzində teatr və kino həvəskarlarının rəğbətini qazanmış, sənətsevərlərin qəlbinə yol tapmışdır. İfadəli səs tembrinə malik istedadlı aktrisanın milli və dünya dramaturji irsinə müraciət edərək teatr səhnəsində böyük məharətlə canlandırdığı çox sayda yaddaqalan obrazlar öz təbiiliyi, həyatiliyi və lirik-psixoloji dərinliyi ilə səciyyələnir. Onun sənətkar olaraq müasirlərin daxili aləminə peşəkarlıqla nüfuz etmək bacarığı mütəxəssislər tərəfindən təqdirlə qarşılanmışdır.

Amalya Pənahovanın televiziya tamaşalarında yaratdığı unudulmaz personajlar milli televiziyanın fondunda diqqətəlayiq sənət nümunələri kimi qorunub saxlanmaqdadır. Kinofilmlərdəki müxtəlif səpkili rolları aktrisanın bu sənətin incəliklərinə dərindən bələd olduğunu aydın təcəssüm etdirir. Amalya xanımın ekran həyatı bəxş etdiyi dolğun və bitkin surətlər sırasında tarixi-mədəni keçmişimizlə bağlı qadın obrazları Azərbaycan kinematoqrafiyasının nailiyyətlərindən sayılır.

Teatr sənətini pedaqoji fəaliyyətlə uğurla əlaqələndirən Amalya Pənahova respublikada gənc aktyorların yetişdirilməsi üçün böyük əmək sərf etmişdir. O, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.

Amalya Pənahovanın Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xidmətlər lazımınca qiymətləndirilmişdir. O, bir sıra mükafatlara və fəxri adlara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından "Şöhrət” və "Şərəf” ordenləri və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.