29 sahibkara 2,5 milyon manat güzəştli kredit verilib

8 Noyabr 2018 18:05 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun noyabrın 8-də Gədəbəy rayonunda keçirdiyi işgüzar forumda Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 29 sahibkara 2,5 milyon manat güzəştli kredit verilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, bu kreditlər heyvandarlıq, üzümçülük, bağçılıq, mebel, mineral süfrə suları istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 200-dən çox iş yerinin açılması mümkün olacaq.

İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Gədəbəy rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan kənd turizmi layihələrinin maliyyələşdirilməsi, otelin, kartofçuluq təsərrüfatı, meyvə emalı, xalça istehsalı, bal emalı və qablaşdırılması müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Arif Vəliməmmədov bildirib ki, bu ilin ötən dövrü ərzində 897 sahibkara 126,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 9200-dək yeni iş yerinin açılmasına imkan yaradır. Qeyd edilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6843 investisiya layihəsinin maliyyələşdirilməsinə 268,3 milyon manat güzəştli kredit ayrılıb.

Tədbir çərçivəsində Gədəbəy rayonunun Miskinli kəndində dövlətin güzəştli krediti ayrılan və ildə 16 milyon litr süfrə suları istehsal etmək gücündə olan mineral süfrə suları istehsalı müəssisəsində görülən işlərə baxış keçirilib. Hazırda müəssisəyə su mənbəyindən 18 kilometr uzunluğunda boru xətti çəkilib, tutumu 200 ton olan su deposunun tikintisi başa çatdırılıb. Müəssisədə istehsal ediləcək mineral süfrə sularının yerli bazarda satışı ilə yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulur.