Astarada ümumrayon tədbiri keçirilib

8 Noyabr 2018 17:21 (UTC+04:00)

Bu gün Astara şəhərinin dənizkənarı Park-bulvar Kompleksində 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib. SİA-nın məlumatına görə, rayon ictimaiyyətinin iştirak etdiyi tədbirə yığışanlar Park-bulvar Kompleksinin girişindən bayraq yürüşünə başlamış, Dövlət Bayrağının ucaldıldığı meydana toplaşıblar. Tədbiri rayon İcra hakimiyyətinin məsul işçisi Mərasim Hacıyev açaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Sərəncamı ilə noyabrın 9-u ölkəmizdə hər il Azərbaycanın Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Bu bayraq 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət bayrağı statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir. 2007-ci il dekabrın 30-da Bayıl qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının təməli qoyulmuş, 2010-cu il sentyabrın 1-də təntənəli açılışı olub. Bu meydanda dalğalanan Azərbaycan Bayrağı dünyada ən böyük və ən uca bayraqdır.

Bu gün Azərbaycan bayrağının dünyanın mötəbər beynəlxalq təşkilatlarının iqamətgahlarında əzəmətlə dalğalanması müstəqil dövlətimizin böyük tarixi nailiyyətidir. Hər bir Azərbaycan vətəndaşı bununla qürur duyur, iftixar hissi keçirir.

Astara rayonunda əzəmətli dövlət bayrağının ucaldıldığı Bayraq Meydanlarının hər birinin açılışında ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin iştirak etdiyini qeyd edən aparıcı bunun əlamətdar hadisə kimi heç vaxt unudulmayacağını və astaralıalrın bununla qürur duyduğunu diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş ümumrayon tədbiri konsert proqramı ilə davam edib.

Sərraf Mirsəfəroğlu