“Yük maşınlarının sürücülərinə görə atılan bu addım təqdirəlayiqdir" ÖZƏL-ŞƏRH

8 Noyabr 2018 16:28 (UTC+04:00)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası”nın 30 iyun 2015-ci il tarixli, 1 nömrəli protokol Qərarında nəzərdə tutulmuş qadağa saatlarında Bakı şəhərində yük avtomobillərinin sürücüləri yük daşımaları ilə bağlı növbəti tədbirlər həyata keçirilməkdədir. Artıq Daxili İşlər Nazirliyi şəhərin giriş və çıxışında xüsusi kameralar quraşdıraraq qadağa saatlarında yük avtomobillərin şəhərə daxil olmasına nəzarəti gücləndirir.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən ekspert Elməddin Muradlı deyib ki, uzun müddət idi ki, bu məsələ müzakirə olunurdu: “Təbii ki, burada narazılıqda var idi. Sürücülər artıq bir yol tapıb hərəkət edə bilmirdilər. Çünki məsələyə obyektiv yanaşılsa onları da başa düşmək lazımdır. Sürücü kimi onlar ailələrini dolandırırlar. Amma digər tərəfdən də cənab Prezident İlham Əliyevin göstərişi, razılığı ilə Bakıda geniş tikinti, abadalıq və quruculuq işləri aparılır. Təbii ki, bu işlərin hamısını günün qaranlıq vaxtlarında etmək mümkün olmur. Axşam saat 21:00-dan sonra beton qarışdıran, daş və başqa tikinti materiallarını daşıyan nəqliyyat vasitələri məhəllərdə işləyərkən səs-küydən insanlar rahat yata bilmirlər. Bu da bir diskomfort yaradırdı. Ona görə də tikinti şirkətləri iki seçim arasında qalırdı. Ya gecə vaxtı bütün maşınlar hamısı dolu vəziyyətində gəlib şirkətin ərazisində dayanmalı və gündüz işə başlamalı idi, ya da bu məsələ hansısa formada həllini tapmalı idi. Təbii ki, bununla bağlı da “Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası” belə bir qərar verdi və razılığa gəlindi. Artıq noyabrın 15-dən başlayaraq yük maşınlarının Bakı şəhərinə girməsi üçün marşrutlar müəyyən edilib:

1. Lökbatan dairəsi – Xocahəsən yolu-Sulutəpə qəsəbəsi – Binəqədi yolu (Baş Dövlət Yol Polisi İdarəsinin qarşısı) – Mehdiabad yolu - Balaxanı yolu – Zabrat - Maştağa yolu - Albalılıq yolu – Mərdəkan yolu – Şüvəlan yolu-Qala yolu-Türkan yolu - Pirallahı yolu - Hövsan yolu-Suraxanı - Yeni günəşli - Gen. Mehmandarov küçəsi - Neapol dairəsi (Ukrayna dairəsi - Gəncə prospekti - Zığ yolu - Beton yol - Hövsan;

2. Sumqayıt yolu – Biləcəri yolu (Daş bazarı) - Binəqədi şosesi-sola Baksol yolu – Biləcəri qəsəbəsinin içi (yük boşaltma məntəqəsi) avtovağzal istiqamətində və əksinə, Baksol yolu – Taxta bazarı və əksinə;

3. Ə. Rəcəblidə geriyədönmə yeri, “Şır-şır” restoranının yanı, “Taxta” bazarı;

4. “Çermet” körpüsünün altı, Z. Bünyadov prospekti, Koroğlu metrostansiyası istiqamətində tunelin üstü, Ziya Bünyadov prospektindən – Ələsgər Qayıbov və Xalqlar Dostluğu küçələrinə (Heydər Əliyev prospektinə çıxmamaq şərti ilə) “Lukoil” YDnin yanında geriyədönmə yeri “Baku Steel Kompani” istiqamətində;

5. Qaradağ rayonu ümumilikdə, Pirallahı rayonu, Mehdiabad qəsəbəsi, Albalılıq qəsəbəsi, Nardaran qəsəbəsi, Bilgəh qəsəbəsi, Mərdəkan qəsəbəsi, Şüvəlan qəsəbəsi, Qala qəsəbəsi, Türkan qəsəbəsi, Biləcəri qəsəbəsi, Binəqədi kəndə, Sulutəpə qəsəbəsi, Xocahəsən qəsəbəsi, Yeni Günəşli, Hövsan qəsəbəsi, Suraxanı qəsəbəsi.

İndi siz təsəvvür edin ki, saat 18:00-dan, 21:00-da kimi şəhərin bir çox nöqtələrində, xüsusilə “Azneft Meydanı”ndan “Babək Prospekti”nə, “Heydər Əliyev Prospekti”nə qədər tıxac yaranır. Bu tıxacın qarşısını almaq üçün yol polisləri xeyli əziyyət çəkirlər. Bu zaman görürsən ki, iki yük maşını yolun tutulmasına səbəb olur və müəyyən problemlər yaranır. Bu baxımdan onlara məhdudiyyət qoyulur ki, bu saatlarda şəhərin mərkəzi küçələrindən istifadə etməsinlər. Mən artıq müşahidə edirəm ki, şəhərin müxtəlif küçə və yollarında yük maşınları boş yollarda qrup şəklində dayanırlar və yol boşalan kimi də yol polisi onlara şərait yaradır və onlar mərhələ-mərhələ gedib mənzil başına çata bilirlər. Bunu başqa cür həll etmək mümkün deyil. Bu gün şəhərdə sıxlıq müşahidə olunur. Küçələr darısqallaşıb və böyük-böyük binalar tikilib. Amma heç olmasa digər variantlarla bu sıxlığı aradan qaldırmaq lazımdır. Ümumilikdə yük maşınlarının sürücülərinə görə atılan bu addım təqdirəlayiqdir. Baş nazirin müavini, eyni zamanda “Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası”nın sədri Hacıbala Abutalıbov sürücüləri qəbul etdi və onları dinlədi. Görüşdə çox səmimi söhbət getdi. Baş nazirin müavini sürücülərin bütün təkliflərini, hətta şəxsi xahişlərini belə nəzərə alıb və köməklik göstərib.

Digər tərəfdən Daxili İşlər Nazirliyinin rəhbərliyi də həmin sürücüləri qəbul edib. O sürücülər bir müddət əvvəl elektron qərarla cərimələnmişdilər. Çünki şəhərə giriş qadağan olunan müddətdə onlar şəhərə daxil olduqlarına görə gün ərzində bəlkə də birinə 5-6 İnzibatı protokol tətbiq edilmişdi. Təbii ki, bunlar da haqlı narazılığa səbəb olan bir hal idi. Çünki hansısa bir formada bu iş getməlidir. Bunları DİN rəhbəri nəzərə aldı və onların barəsində tərtib olunmuş protokolların hamısına xitam verdi. Yəni noyabrın 1-nə qədər olan protokolların hamısı ləğv olundu. Artıq bu ayın 15-dən sonra əgər elektron qərarlar çəkilsə daha xitam olunmaq söhbəti yoxdur. Yəni heç bir qərara xitam verilməyəcək. Bildiyimə görə bu qərardan sürücülər də razı qalıb. Hər halda düşünürəm ki, bununla kifayətlənmək lazım deyil. Digər alternativ yollar barədə də fikirləşmək lazımdır”.