“Müxalifət liderlərinin yersiz hərəkətlərə əl atması siyasi savadsızlıqdan irəli gəlir” MÜSAHİBƏ

8 Noyabr 2018 15:09 (UTC+04:00)

“Yurddaş” partiyasının sədri Mais Səfərlinin SİA-ya müsahibəsi

- Mais bəy, qaranlıq keçmişə malik Pənah Hüseyn, Rəhim Qazıyev və İsgəndər Həmidov kimi şəxslər Qarabağla bağlı mitinq keçirtməyi planlaşdırırlar. Sizcə, onlar bu yolla siyasi divident əldə edə bilərlər?

- Qarabağ məsələsi bizim dövlətimiz və xalqımız üçün çox önəmli bir məsələdir. Yəni bu problem bizim ana problemimizdir. Təbii ki, hər bir azərbaycanlı Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun həll olunmasını istəyir. Hamımızda buna çalışırıq. Bir sözlə, hər birimizin ürəyi Qarabağla döyünür. Amma bundan kimlərsə siyasi məqsədləri üçün istifadə etməyə və divident qazanmağa çalışırsa bu qınalınır. Həqiqətən də sözügedən şəxslər qaranlıq keçmişə malikdirlər və bu gündə çirkin siyasət yürüdürlər. Bu baxımdan onların qazandıqları mənfi imic Qarabağ adı ilə keçirilən mitinqin uğursuz alınmasına təkan olur. Bu dəfə də şübhəsiz belə olacaq.

- Maraqlıdır ki, hər dəfə Qarabağ adından manipuliasiya edən İsa Qəmbər, Əli Kərimli və Arif Hacılı bu mitinqlərə qatılmayacaqlarını indidən bəyan ediblər. Sizcə, səbəb nədir?

- Ümumiyyətlə, bu gün Qarabağdan siyasi məqsədlər üçün yararlanmaq olmaz. Dediyimiz kimi, Qarabağ hamımızın yaralı yerimizdir və ümumi dərdimizdir. Adı çəkilən şəxslərin bu mitinqdə iştirak etməməsinin səbəblərinə gəldikdə, demək olar ki, onların özləri də çox gözəl bilirlər ki, belə insanların bu cür çağırışına artıq xalq inanmır və səs vermirlər. Onların Qarabağla bağlı keçirdikləri axırıncı mitinqdə çox sönük keçdi. Yəni kütləviliyi ilə seçilməyən bir tədbir oldu. Noyabrın 21-ə planlaşdırılan növbəti mitinqdə çox zəif və sönük olacaq. Bunu İsa Qəmbər, Əli Kərimli və Arif Hacılı da bilirlər. Ona görə də, bu mitinqlərə qatılmayacaqlarını indidən bəyan edirlər. Başa düşürlər ki, növbəti sönük bir tədbirə getməkdənsə getməmək daha yaxşı olar.

- Niyə görə sizcə, müxalifət sivil metodlardan deyil, hər zaman qeyri-məqbul variantlarla siyasi gündəmə gəlməyə çalışırlar?

- Müxalifət liderlərinin bu cür yersiz hərəkətlərə əl atması siyasi savadsızlıqdan və geniş bilgilərə malik olmalarından irəli gəlir. Bilirsiz məsələ burasındadır onların başqa alternativ şou yaratmaq variantları yoxdur. Birmənalı şəkildə demək olar ki, radikal müxalifət düşərgəsini təmsil edən şəxslər bir müddət gündəmdə qalmaqdan ötrü bu cür cəmiyyət tərəfindən dəstəklənməyən tədbirlər keçirməyə çalışırlar. Çünki onlar gündəmdə qalmaq üçün başqa bir iş görə bilmirlər. Müxalifətin özü də çox gözəl bilir ki, onların dediklərinə xalq qulaq asmır və asmaqda istəmir. Yəni adları çəkilən bu qüvvələrə xalqın heç bir siyasi dəstəyi olmayıb və olmayacaqdır.

- Müxalifətin ictimai siyasi proseslərdən kənarda qalması da liderlərin yalnış, düşünülməmiş siyasət aparmalarının səbəb olduğunu demək olar?

- Bəli, müxalifətin yalnış siyasət aparmasının nəticəsidir ki, partiyalar pərakəndə bir vəziyyətdədir. Çünki radikal müxalifət düşərgəsini təmsil edən partiya sədləri öz partiyalarını yox, şəxsi ambisiyalarını fikirləşirlər. Bu baxımdan müxalifət acınacaqlı durumdadır. O cümlədən də, müxalifətdə bu günə qədər partiya sədləri arasında səmimi münasibətin olmaması mühüm rol oynayır. Yəni müxalifət bir-biri ilə mehriban düşməndir.