İnnovativ inklüziv təcrübələri müzakirə etmək üçün təlimlər keçiriləcək

8 Noyabr 2018 14:44 (UTC+04:00)

“British Council Azərbaycan” “Unlimited” proqramı çərçivəsində ölkəmizdə məhdud imkanlı insanlar tərəfindən yaradılan incəsənəti dəstəkləməkdə davam edir. SİA-nın məlumatına görə, “British Council Azərbaycan” Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq şəraitində "Unlimited" proqramı çərçivəsində müxtəlif sahələrdən olan mütəxəssisləri innovativ inklüziv təcrübələri müzakirə etmək üçün noyabrın 14-15-də “Park Inn” otelində təlim sessiyaları təşkil edəcək.

Təlimin əsas məqsədi müxtəlif sektorlarda işləyən peşəkarları əlilliyi olan insanların hüquq və imkan bərabərliyi məsələləri ilə tanış etmək və iş yerlərində innovativ və inklüziv təcrübələrin tətbiqi üçün ideyalar hazırlamaqdan ibarətdir.

Təlimlər Böyük Britaniyanın “Shape Arts” təşkilatını təmsil edən Barbara Lisicki və Zoe Partington tərəfindən aparılacaq.

Hər kəs üçün açıq olacaq təlimlərdə iştirak etmək istəyənlər qeydiyyat formasını dolduraraq noyabrın 12-dək dilara.ibrahimova@britishcouncil.az elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd edək ki, “Unlimited: Düzgün hərəkətlər edək” incəsənət və əlillik sahəsində həyata keçirilən proqramdır və kimliyindən və ya fiziki imkanlarından asılı olmayaraq böyük arzuları olan insanlara heç bir məhdudiyyətin qoyulmaması ideyasına əsaslanır. Proqramın tərkibinə seminarlar, maarifləndirici forumlar və təlimlər daxildir. 2015-ci ildə start götürən bu proqram Azərbaycanda yaşayan məhdud imkanlı insanların həyatına əhəmiyyətli dərəcədə təsir göstərib.