“Azərbaycan gəncliyi hər zaman bayrağına sahib çıxmalıdır” ÖZƏL-MÜNASİBƏT

8 Noyabr 2018 14:41 (UTC+04:00)

“XIX əsrin sonlarında Azərbaycan çar Rusiyası tərəfindən işğal edildikdən sonra ziyalılarımızın üzərinə böyük məsuliyyət düşdü. Ziyalılarımız xalqımızda milli kimliyin formalaşması üçün maarifçilik hərəkatına başladılar. Məhz bunun nəticəsi idi ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandı, müstəqil dövlətimizin qürur mənbəyi olan üçrəngli bayrağımız qəbul olundu”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı deyib.

Deputatın sözlərinə görə, 23 aydan sonra - aprelin 28-də milli bayrağımız sovet bayrağı ilə əvəz edildi: “Ancaq 70 ildən sonra üçrəngli bayrağımız yenidən Ulu Öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qəbul olundu. Baxmayaraq ki, o zaman SSRİ tam süqut etməmişdi, amma Ümummilli Lider Heydər Əliyev sovet siyasi sistemindən imtina edərək üçrəngli bayrağımızı qəbul etdi. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 9 noyabr Dövlət Bayrağı Günü kimi qəbul olundu. Azərbaycan gəncliyi hər zaman bayrağımıza sahib çıxmalıdır”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr - Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.