"Minimum əmək haqqı çox aşağıdır"

8 Noyabr 2018 13:52 (UTC+04:00)

“Azərbaycanda həm əhalinin gəlirləri, həm də ÜDM ilə nisbətdə minimum əmək haqqı çox aşağıdır. Biz bunu əhəmiyyətli dərəcədə artırmalıyıq. Bu, aktual məsələdir”. SİA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında büdcə zərfinə daxil olan “2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı çıxış edərkən deyib.

Prezident İlham Əliyev tərəfindən qeyri-leqal məşğulluqla bağlı Komissiyanın yaradıldığını deyən nazir müavini əmək haqqı ilə bağlı məsələnin ayrıca bölmədə qeyd olunduğunu dilə gətirib: “Əmək haqqı sistemi büdcə təşkilatlarında ümumiyyətlə mürəkkəbdir. Bu məsələyə baxılmalıdır. Biz bununla bağlı İşçi Qrupu yaratmışıq. Avropanın “Tvininq” layihəsini, Dünya Bankının ekspertlərini dəvət emişik. Artıq ilkin layihəmiz var. Lakin bununla bağlı açıqlama vermək istəmirəm”.

“DOST”mərkəzlərinin yaradılması ilə nazirliyin əməkdaşlarının ixtisarı ilə bağlı məsələyə aydınlıq gətirən qurum rəsmisi ixtisarların olmayacağını, optimallaşma həyata keçiriləcəyini dilə gətirib: “Fərdi uşot sistemi pensiya sisteminin əsasını təşkil etdiyi üçün bizim ƏƏSMN-da qalır. Eyni zamanda “DOST” mərkəzləri yaradılır, biz həmin şəxsləri bu mərkəzdə yerləşdirəcəyik”.