Naxçıvanda xalça emalatxanasının tikintisi başa çatır

8 Noyabr 2018 12:31 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 15 fevral tarixli “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamının icrasına uyğun olaraq, Naxçıvan şəhərində bu ilin mart ayından tikintisinə başlanılan binada işlər yekunlaşmaq üzrədir. Xəbər verilir ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarından olacaq xalça istehsalı emalatxanasının binası, ümumilikdə, 8 min 500 kvadratmetr ərazini əhatə edir. Obyektin tikintisi “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır. Binalardan biri toxuculuq, digəri isə boyaqxana və yun tədarükü məntəqəsi üçündür.

Obyektin iş icraçısı Siyavuş Qasımovdan aldığımız məlumata görə, toxuculuq üçün ayrılan zirzəmi ilə birlikdə ikimərtəbəli binada əsas işlər yekunlaşıb. Boyaqxana və yun tədarükü məntəqəsi üçün tikilən binada isə metal konstruksiya işləri aparılır, yaxın vaxtlarda panellərin vurulmasına başlanılacaq. Həyətdə abadlıq işləri görülüb, müasir işıqlandırma sistemləri quraşdırılıb. Obyektdə əməyin mühafizəsi və tikinti təhlükəsizliyi qaydalarına ciddi əməl olunur. Burada inşaatçılar üçün lazımi iş şəraiti və istirahət imkanı yaradılıb. İnşaat işlərində, əsasən, yerli tikinti materiallarına üstünlük verilir. Bu da, təbii ki, həm işin keyfiyyətlə aparılmasına, həm də obyektin tez bir zamanda təhvil verilməsinə imkan yaradır.

Layihəyə əsasən toxuculuq üçün inşa olunan binada xalçatoxuma zalı, tibb və sərgi-satış otaqları, xammal və hazır məhsul anbarları, boyaqxana və yun tədarükü məntəqəsində isə yun anbarı, yun yuma yeri, iplik boyama və digər otaqlar fəaliyyət göstərəcək.

Yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulan xalça istehsalı emalatxanası Naxçıvan şəhərinin görünüşünə əlavə rəng qatmaqla yanaşı, həm qədim xalq sənətinin inkişaf etdirilməsinə, həm də yeni iş yerlərinin açılmasına şərait yaradacaq.