Kamal Abdulla Çexiyanın təhsil, gənclər və idman nazirinin müavini ilə görüşüb FOTO

6 Noyabr 2018 17:39 (UTC+04:00)

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Çex Respublikasının təhsil, gənclər və idman nazirinin müavini xanım Dana Prudnikova ilə görüşüb. ADU-dan SİA-ya verilən məlumata görə, xanım Prudnikovanı universitetdə görməkdən məmnun olduğunu bildirən akademik Kamal Abdulla qonağa universitet haqqında ətraflı məlumat verib.

Bildirib ki, 1970-ci ildən fəaliyyət göstərən təhsil ocağında bir çox dillər tədris olunur. Kamal Abdulla yaxın zamanlarda ADU-da çex dili, mədəniyyəti və ədəbiyyatının da tədrisinin planlaşdırıldığını söyləyib. Rektorun sözlərinə görə, ADU-da Çex dili və Mədəniyyəti Mərkəzinin də açılması nəzərdə tutulur. Rektor ümid etdiyini bildirib ki, Çexiya universitetlərindən birində Azərbaycan dili və Mədəniyyəti Mərkəzi açılacaq.

Dillər Universitetinin rektoru Azərbaycanın multikulturalizm sahəsində gördüyü işlərdən danışaraq bu istiqamətdə də birgə əməkdaşlığın mümkünlüyündən söz açıb.

Səmimi qəbula görə ADU rəhbərliyinə öz təşəkkürünü bildirən xanım Dana Prudnikova çex dilinin tədrisi istiqamətində atılacaq addımlara görə əvvəlcədən minnətdarlığını çatdırıb.

Qonaq qeyd edib ki, Çexiyanın universitetlərindən birində Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin açılması üçün əlindən gələn köməyi edəcək.

Sonda xanım Dana Prudnikova ADU xatirə dəftərinə ürək sözlərini yazıb.