Televiziyaları gözdən salan mütrüblərdir?

6 Noyabr 2018 16:41 (UTC+04:00)

Müasir dövrün tələbləri dəyişdikcə, həm də yeniləşdikcə, insan zövqləri və düşüncəsi də dəyişir. Bu zaman insanlar daha geniş və çoxşaxəli məlumatlar eşitməyə və görməyə çalışırlar. Razılaşaq ki, çox vaxt bu cür istək və tələbləri televiziyalar daha münasib şəkildə həyata keçirə bilirlər. Ona görə də, televiziyalar cəmiyyətin güzgüsüdür desək, səhv etmərik. Televiziyalar məlumatlandırmalı, maarifləndirməli və düşündürməlidirlər. Ən başlıcası, ictimai maraq kəsb edən və ya nahartlıq yaradan mövzular ətrafında maarifləndirici verilişlər təşkil edilməli və həmin verilişlərdə cəmiyyətin tanınmış ziyalıları, elm adamları qonaq qismində çıxış etməlidir. Nəzərə almaq lazımdır ki, xarici ölkələrdə əlində pult olan əcnəbi Azərbaycan televiziyalarına baxır və eşitdiyi xəbərdən, gördüyü sujetdən sonra Azərbaycan haqqında onda fikir formalaşır. Bu baxımdan, demək olar ki, televiziyalarımız ölkəmizin həm də sifətidir, eləcə də, strateji silahıdır. Təəssüflər olsun ki, dünya düzənində baş verən yeniliklər və müəyyən dəyişikliklər Azərbaycan televiziyalarına da sirayət edib. Savadsız, qeyri-peşəkar aparıcılar Azərbaycan televiziyalarına da yol açıblar. Məhz bu qeyri-peşəkarlar sərbəstlikdən və səmimiyyətdən istifadə edib, tamaşaçıların zövqünü korlayırlar. Elə televiziyalar var ki, fəaliyyətlərini ancaq kommersiya maraqları üzərində qurduqlarından, verilişlərini də şou üzərində qururlar. Əksər qonaqlara da estrada ulduzları, çayxanadan birbaşa televiziyaya gələn mütrüblərdir. Burnunu kəsdirib, yanaqlarını və dodaqlarını şişdirib mikrofon önündə oturan mütrüblər müzakirələr zamanı əxlaqi dəyərlərdən, mənəviyyatdan və insani keyfiyyətlərdən danışırlar. Yəni özlərində mikroskopla aşkarlanması belə çətin olan keyfiyyətlərdən hap-gop edirlər. Aparıcı da ağzını açıb 32 dişinin hamısını göstərməklə, hırıldayıb gülür. Bəzən aparıcı verilişinin maraqlı olması üçün mütrübə sevgilisi ilə harada dincəldiyini, doğulacaq uşağının atasının adının kim olduğunu və bu kimi ətürpəşdirən suallarla müraciət edir. Mini-yubkada olan mütrüb də ayağını-ayığının üstünə aşırıb, hırıldaya-hırıldaya utanc gətirən əməlləri ilə bağlı özünə xoş gələn, ancaq tamaşaçıda ikrah doğuran fikirlər səsləndirir. Ən biabırçı hal odur ki, aparıcı qeyri-peşəkar olduğundan, mütrübün ikrah doğuran danışığına əlavələr edib, onu zövqlərə zərbə vuran fikirlərindən daşındıra bilmir.

Yaddan çıxarmaq olmaz ki, heç kəsə haqq verilməyib ki, Azərbaycan dilinə, onun nitq mədəniyyətinə hörmətsizlik göstərsin. Azərbaycan dili dünya dilləri arasında ən inkişaf etmiş dil sayılır. Azərbaycan dilinin norma və qaydaları ilə bağlı qüsurlar yoxdur. Sadəcə, qeyd etdiyim kimi, kiminsə və nəyinsə hesabına, efir məkanına soxulan qeyri-peşəkar aparıcılar dilimizin norma və qaydalarına zidd olan danışıq tərzi ortaya qoyurlar. Bəzən elə fikirlər səsləndirirlər ki, televiziya qarşısında oturan insan az qalır ki, əlindəki pultu televiziya ekranına çırpsın və ailəyə böyük məbləğdə maddi zərər versin. O gün facebook-da Nahid adlı birisi yazır ki, ATV, Dünya, Speys və ARB-də yayımlanan verilişlərə baxanda, pultu atasının gözündən uzaq yerdə qoyurlar: "O qədər gülünc, əsəblərə və zövqlərə toxunan verilişlər yayırlar ki, atam əsəblərini cilovlaya bilmədiyindən, pultu televiziyanın ekranına vura bilər. Belə hal olub. Ötən il yeni ili televiziyasız keçirmişdik".

Sosial şəbəkə istifadəçinin qeyd etdiyi kimi, həqiqətən də televiziyalarımzda biabırçı, gülüş və gərginlik yaradan verilişlər çox olur. Ötən həftə ARB-nin "Səhər" verilişində bir aparıcı xanım malına-mülkünə, arxasındakı daydayıya arxalanıb, iddia edir ki, "kim mənim haqqımda mahnı yazsa, ona 200 min manat pul verəcəm". Pul da, arzu-istək də onun. Hansı bəstəkarın onun arzusunu reallaşdıracağı sual doğursa da, bir şey müəmma və şübhələr yaradır. Bu xanım-xatın aparıcıda bu qədər pul hardandır?

Televiziya verilişlərində xanım aparıcılar var ki, şpaqat açır, salto gedir, ayağını iki metr qaldırıb, başa zərbə vurmağa cəhdlər göstərir, özü də əynindəki yubka ilə. Sual olunur, bunların nəsihət verəni, yol göstərəni, bəyəm, yoxdur? Televiziya rəhbərliyi niyə bu cür rüsvayçı olaylara göz yumur? Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev də televiziyalardakı bayağı, düşük, zövqlərə zidd verilişlərdən narazı qaldıqlarını bildirib. Bu halda, yenə sual yaranır: elə isə niyə Teleradio Şurası tədbir görmür? Əslində, tamaşaçı zövqlərini korlayan, nitq mədəniyyətinə zərbə vuran qeyri-peşəkarlığa qarşı tədbir görmək, hətta həmin verilişi bağlamaq imkanı və səlahiyyəti Milli Televiziya və Radio Şurasına aiddir. Hərəkətə keçməyin məqamı deyilmi?

İ.ƏLİYEV