"Biz bunu səmərəli şəkildə xərcləməliyik"

6 Noyabr 2018 14:08 (UTC+04:00)

“Təhsil sahəsində çox ciddi islahatlar həyata keçirilməlidir. Universitetlərin özəlləşdirilməsi, mövcud universitetlərin genişləndirilməsi istiqamətində işlər aparılmalıdır. Belə olan təqdirdə onlar geniş maliyyə vəsaitləri ilə özlərini təmin edə bilərlər”. SİA-nın xəbərinə görə, bunu deputat Asim Mollazadə parlamentdə büdcə zərfinin müzakirələri zamanı çıxış edərkən deyib.

Dünyanın heç bir ölkəsində kinomotoqrafiyaya dövlət büdcəsində vəsaitin ayrılmadığını dilə gətirən deputat söyləyib ki, lakin iş adamlarının dəstəyi ilə gözəl kinolar çəkilə bilər.

Heydər Əliyev Fondunun dəstəyilə ABŞ-da, Avropanın bir sıra ölkələrində bir sıra layihələr həyata keçirildiyini xüsusi vurğulayan A.Mollazadə qeyd edib ki, Fond Azərbaycan təhsilinin, mədəniyyətin inkişafı üçün xeyirli, səmərəli işlər görür: “Biz məmurların, müvafiq qurumların sayını azaltmaqla daha çox vəsait əldə edə bilərik. Azərbaycan xalqı ona görə islam və türk dünyasının lideri olub ki, bizə tanrı tərəfindən neft verilib və əsrin əvvəllərində mədəniyyətimizi, təhsilimizi inkişaf etdirə bilmişik. Bu dəfə də neft var. Ancaq biz bunu səmərəli şəkildə xərcləməliyik”.