Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında uğurla çıxış edən idmançılarımız mükafatlandırılıblar - FOTOLAR

1 Noyabr 2018 16:20 (UTC+04:00)

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında uğurla çıxış edən idmançılarımız noyabrın 1-də Milli Olimpiya Komitəsində mükafatlandırılıblar. SİA-nın məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, komitənin baş katibinin müavini Azər Əliyev və idman federasiyalarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qazandıqları nailiyyətlər münasibətilə atletləri təbrik edib. Bildirib ki, idmançılarımız bu Oyunlarda da uğurlu nəticələr əldə edərək idmanın altı növündə 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar. İdmanın altı növü üzrə yeddi medalın qazanılması Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut edib.

Gənclər və idman naziri Azad Rəhimov çıxışında Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının medalçıları arasında Azərbaycan idmançılarının da olmasını sevindirici hal kimi qiymətləndirib: “Fərəhli haldır ki, 17 idmançımızdan 7-si medal qazanıb. Bu isə atletlərimizin potensialını bir daha sübut edir”.

Sonra dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsinə dair imzaladığı sərəncamlara əsasən idmançılar təltif olunublar.

İdmançılar və məşqçilər çıxış edərək göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevə, eləcə də Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Olimpiadaya 17 idmançı ilə yollanan milli komandamız 2-si qızıl, 1-i gümüş və 3-ü bürünc olmaqla 6 medal qazanıb. Qızıl medalları Azərbaycanın aktivinə cüdoçu Vüqar Talıbov (66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) yazdırıblar. Ağırlıqqaldırma yarışında çıxış edən Tarmenxan Babayev (85 kq) Olimpiadanın gümüş medalına sahib olub. Bürünc medallara isə taekvondoçu Cavad Ağayev (63 kq), boksçu Nurlan Səfərov (60 kq) və güləşçi Şahanə Nəzərova (43 kq) layiq görülüblər. Bədii gimnastımız Yelizaveta Luzanın Olimpiadada qarışıq komandanın tərkibində qazandığı qızıl medal millimizin aktivinə yazılmayıb. Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən onun medalı ümumi sıralamada komandamızın hesabında göstərilməyib. Beləliklə, Azərbaycan milli komandası Olimpiadanın medal sıralamasında 33-34-cü yerləri bölüşüb.