Ölkəmizin mövqeyinin dəstəklənməsi uğurlu siyasətimizin məntiqi nəticəsidir TƏHLİL

23 Oktyabr 2018 17:07 (UTC+04:00)

Xocalı faciəsi Azərbaycan tarixinə, qan yaddaşımıza əbədi olaraq həkk olunub və separatçıların, erməni terrorçularının törətdikləri yaddaşlardan silinən deyil. Nə vəhşiliklərə məruz qalan həmvətənlərimizin faciəvi şəkildə, xüsusi amansızlıqla qətlə yetirilməsi, nə də doğma torpaqlarımızın işğal edilməsi unudulmayacaq və sözsüz ki, işğalçılar ən yaxın zamanda bunların hesabını verəcək, layiqli cavab alacaqlar.

Əslində, insanlığa sığmayan bu faciə, Xocalıda törədilən insanlıq dramı təkcə bizim yaddaşımıza, Azərbaycan xalqının hafizəsinə həkk olunmayıb və bəşəri təhlükələrə yol açan bu separatçılığı, terrorçuluğu bir çox xalqların nümayəndələri, ayrı-ayrı dövlətlərin siyasi xadimləri, politoloqları belə unutmur. Təsadüfi deyil ki, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev artıq dəfələrlə bu faciənin hüquqi qiymət almasının, günahkarların cəzalandırılmasının vacibliyi barədə fikirlər səsləndirib. Hətta bu faciənin, belə bir vəhşiliyin cəzasız qalmaması üçün təbliğat işlərinin vacibliyini də vurğulayıb.

Terrorçuluq, separatçılıq meyilləri Dmitri Salevyev kimi hamını narahat etməlidir

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Xocalıda törədilənlərin Azərbaycan xalqına qarşı soyqırımı olduğunu vurğulayır və bildirir ki, bu şəhərin yerlə yeksan olunması, insanlara divan tutulması bəşəri cinayətdir. Türkiyənin Kayseri şəhərində açılışı olan Xocalı Parkındakı Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstəsi qoyan Dmitri Savelyev xatırladır ki, 26 il əvvəl Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı dəhşətli faciə törədilib, dinc sakinlərə hücum edilib. Bu cinayət nəticəsində 613 günahsız insan qətlə yetirilib. Bu, soyqırımıdır. Bunu törədənlər isə indiyədək cəzalarını almayıblar.
Dümanın deputatı Xocalı soyqırımı barədə həqiqətlərin bütün dünyaya çatdırılmasına hamılıqla çalışmalıyıq deyir. Məhz bu həqiqətlərin dünyaya çatdırılması üçün xüsusilə qeyd edir ki, Türkiyədə təhsil alan xarici tələbələr təmsil etdikləri dövlətlərinin rəhbər şəxslərinə təsir göstərməli, Xocalı soyqırımı ilə bağlı ölkələrinin parlamentlərinə çağırış etməlidirlər. Sözsüz ki, D.Savelyev bütün bunları Xocalıda törədilən vəhşiliyin təbliğatı üçün vacib bilir. Vacib bilir ki, bu vandallıq, bu vəhşilik bütün dünyaya çatdırılsın, dünya ictimaiyyəti bu faciə barədə, Xocalı həqiqətləri haqda məlumatlı olsun.
Göründüyü kimi Xocalı faciəsinə, erməni işğalçılarının törətdikləri vəhşiliklərə, insanlara qarşı amansız hərəkətlərinə Rusiya Federasiyası Dövlət Dumasının deputatı illərdir ki, biganə qala bilmir. Mətbuat səhifələrində onun bu faciə ilə bağlı tükürpədici təəssüratlarına, işğalçıların insanlıq normalarına sığmayan əməllərinə qarşı çıxmasına rast gəlinir. Xocalıda faciəvi şəkildə qətlə yetirilənlər Dmitri Savelyevin həmvətənləri deyilsə də, o bu faciə barədə, bunun soyqırımı olduğu barədə fikirlərini heç zaman gizlətmir və ümumiyyətlə, onun bu faciə ilə bağlı narahatlığı da hiss olunur. Çünki, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Xocalı dramının bəşəri bir faciə olduğunun fərqindədir. İnsanlığa sığmayan vəhşiliyin dünya ictimaiyyətinə çatdırılmasına, ona hüquqi qiymət verilməsinə marağı da məhz buna görədir. Terrorçuluq, separatçılıq meyillərinin bütün dünya üçün acı nəticələri D.Salevyevin misalında hamını narahat etməlidir.

Xocalı soyqırımı ilə bağlı bizim haqlı mövqeyimizi müdafiə edənlər bütün insanlığın müdafiəsinə xidmət edirlər

Ölkəmizin mövqeyini haqlı sayan və müdafiə edən nüfuzlu siyasətçilər, dövlət adamları çoxdur və onlar əslində Azərbaycanı müdafiə etməklə haqqı, ədaləti müdafiə etdiklərinin fərqindədirlər. Əslində, Xocalı soyqırımı ilə bağlı bizim haqlı ölduğumuzu bildirənlər, faciəyə hüquqi qiymət verilməsini istəyənlər, bu soyqırıma qarşı çıxanlar bütün insanlığın müdafiəsinə xidmət edirlər. Bir çoxları gec də olsa vicdanının səsi ilə bu faciə barədə etiraflar belə edirlər. Məsələn, Vladimir Varonov Xocalıda olanları gec də olsa bir zaman açıq şəkildə etiraf edir. V.Varonov ermənilərin Xocalı şəhəri üzərinə hücumu zamanı Xocalıdan Ağdam istiqamətinə yalnız canlarını xilas etmək üçün qaçan mülki Xocalı sakinlərini bu istiqamətdə pusquda dayanaraq öz silahlıları ilə qarşılayanlardandır. Xocalıdan canlarını götürüb qaçan uşaq, qoca və qadınları bu kolluq və meşəlik ərazidə kütləvi şəkildə güllələyən onun xüsusi təyənatlıları olub və məhz o özü bu hadisənin canlı şahididir.
V.Varonov bu hadisədən çox-çox sonralar yəni 2006-ci ilin fevralında etiraf etdi ki alayın erməni əsgərləri azərbaycanlı mülki əhalinin güllələnməsində xüsusi qəddarlıq nümayiş etdirirdilər. Etitaf etdi ki, azərbaycanlı qadın və uşaqları öldürməkdən gözləri doymayan erməni əsgərlər, meyidləri belə yöndəmsiz hala salaraq təhqir edirdilər. Erməni əsgərlərin köməksiz insanları əsir götürməyə belə mane olduqlarını, azərbaycanlıları öldürməkdən sanki həzz aldıqlarını bildirməsi isə erməni vahşiliyinin, erməni xislətinin, simasızlığının, terrorçuluğunun mahiyyətini açır. Mülki əhalidən 56 nəfərin xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılması, başlarının kəsilməsi, gözlərinin çıxarılması faktları məhz Vladimir Varonovun etiraflarında öz əksini tapır.
Xocalıda hücumda iştirak edən Rusiyadakı hərbi hissələrin birinin əks-kəşfiyyat şöbəsinin rəisi polkovnik V.Savelyev isə özünün Rus hökumətinə yazdığı "Məxfi arayışında" erməni silahlı dəstələri ilə Rusiya qoşun birləşmələrinin Dağlıq Qarabağda keçirdikləri hərbi əməliyyatlara şərh verərək yazırdı: "Mən bütün bunları yazmaya bilmərəm. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmirəm. Qoy, azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə yazdığım məxfi arayışı həm Kremlə, həm də SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. Oxuyun, dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi".
Rusların zabit şərəfini ləkələyən şərəfi əvvəldən ləkəli olan, yəni şərəfsiz erməni işğalçıları idi və da bir etiraf sayılır. Yəni polkovnik zabit şərəfinin ləkələnməsini deməklə, ermənilərin ləkəli olduğunu, şərəfsizliyini etiraf və təsdiq edir. O gecə küçələrində yalnız ölülər qalan Xocalı şəhərinə od vuran erməninin şərəfsizliyi əslində göz qabağında idi. Bunu, bu şərəfsizliyi indi bütün dünya etiraf etməlidir. Etiraf etməlidir ki, Xocalı faciəsinə imza atmaqla erməni işğalçıları şərəfsizlik simvolu kimi bəşər tarixinə öz adlarını qalna yazdılar.
Qeyd olunduğu kimi, Azərbaycanın mövqeyini haqlı hesab edən, müdafiə edən nüfuzlu siyasətçilər, politoloqlar, dövlət adamları çoxdur və onların arasında Rusiyanın hakim dairələrində olanlar da var. Məsələn, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatı ilə yadda qalan Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları üzrə Şuranın üzvü Maksim Şevçenko bildirir ki, ermənilər öz işğalçılıq siyasəti ilə regionun təhlükəsizliyinə zərbə vururlar. Təkcə M.Şevçenko deyil, Rusiya siyasi arenasında sayılıb-seçilən ekspert və politoloqların bir çoxlarının mövqeyini də qeyd etmək olar. İqor Korotçenkonun, Aleksandr Duqinin, eyni zamanda Maksim Şevçenkonun Cocuq Mərcanlı kəndinə səfərlərini, bu mövzuda səsləndirdikləri fikirləri xatırladıqda onların ölkəmizin mövqelərini dəstəklədiyinin şahidi oluruq. Bir sözlə, Azərbaycanın Dağlıq Qarabağ mövzusunda haqlı mövqeyi artıq Rusiyanın hakim dairələrində dəstəklənir.
Ölkəmizin mövqeyinin artıq müftəlif dairələrdə müdafiə olunması, dəstəklənməsi Azərbaycanın uğurlu siyasətinin məntiqi nəticəsidir. Bu nəticəni isə təbii ki, Azərbaycanın regiondakı mövqeyinin güclənməsi şərtləndirir. Öz uğurlu siyasəti, məqsədyönlü fəaliyyəti ilə Azərbaycan bölgənin lider dövlətinə çevrilirsə, Türkiyə və Rusiya kimi dünyada söz sahibi olan qonşuları ilə əməkdaşlıqlarını yüksək səviyyədə qurursa, həmrəylik əldə olunursa, təbii ki, haqlı olduğu da öz təsdiqini tapır və ölkəmizin bundan sonra Dağlıq Qarabağ məsələsində uğur qazanacağına da, torpaqlarını geri alacağına şübhə ola bilməz.