Azərbaycanlı güləş hakimi Krasnoyarskda turnirin hazırlıq səviyyəsini yoxlayacaq

23 Oktyabr 2018 16:04 (UTC+04:00)

Beynəlxalq Güləş Federasiyası Azərbaycandan olan bir hakimi Krasnoyarska texniki nümayəndə kimi göndərib. SİA-nın məlumatına görə, həmin hakim yunan-Roma güləşi üzrə üçqat Azərbaycan çempionu, ölkənin yığma komandasının heyətində müxtəlif beynəlxalq turnirlərin mükafatçısı olmuş idman ustası və beynəlxalq dərəcəli arbitr Asif Şirəliyevdir. A.Şirəliyev 2015-ci ildə Azərbaycanda güləş üzrə ən yaxşı idman hakimi olub.

Krasnoyarsk şəhər meriyasının Bədən tərbiyəsi, idman və turizm üzrə baş idarəsində bildiriblər: “Texniki nümayəndələrin əsas vəzifəsi turnirə hazırlığın gedişi ilə tanış olmaq və Beynəlxalq Güləş Federasiyasının himayəsi altında keçirilən beynəlxalq yarışlara Federasiya tərəfindən təqdim olunan tələblərin yerinə yetirilməsini təsdiq etməkdir”.

Buvaysar Saytiyevin mükafatları uğrunda XIV Beynəlxalq turnir noyabrın 3-4-də keçiriləcək. “Futbol-arena Yenisey” adlı örtülü futbol manejində keçiriləcək yarışlarda Rusiyanın müxtəlif şəhərlərindən və xarici ölkələrdən olan 16 yaşlı 200-dən çox idmançı iştirak edəcək.