"Ermənistanın Xocalı, Dağlıq Qarabağla bağlı yalanları artıq puç olmağa başlayır" AÇIQLAMA-ÖZƏL

23 Oktyabr 2018 12:01 (UTC+04:00)

Artıq Rusiya ictimaiyyətində Azərbaycan həqiqətlərini səsləndirən ziyalıların çoxaldığını görürük. Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyevlə yanaşı, xeyli sayda ziyalılar var ki, onlar həqiqəti bildirir, Ermənistanın işğalçılıq siyasətindən məlumatlı olmaqla yanaşı bu siyasəti pisləməkdən çəkinmirlər”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, ziyalılar tərəfindən həqiqətlərin bildirilməsi ilk növbədə Azərbaycanın nüfuzunun artdığını göstərir: "Rusiya ictimaiyyətində Azərbaycan, konkret olaraq Dağlıq Qarabağ məsələsi ilə bağlı obyektiv informasiyanın çoxalması Prezident İlham Əliyevin siyasi nüfuzunun göstəricisidir. Xarici ölkələrdə, xüsusilə də qonşu Rusiyada ölkəmizin inkişafını görür, artıq həqiqətlərin söylənməsi onlar üçün şərəf məsələsinə çevrilib".

Rusiyalı deputatın Azərbaycan həqiqətləri ilə bağlı səsləndirdiyi fikirlərini siyasi cəsarət adlandıran A.Mirzəzadə vurğulayıb ki, bu, eyni zamanda qonşu dövlətin ictimaiyyətində Azərbaycanı sevən, haqq işini müdafiə edən böyük bir ziyalı ordusunun yetişməsindən xəbər verir: “ Ermənistanın rəsmi təbliğat maşının Xocalı, Dağlıq Qarabağla bağlı yalanları artıq puç olmağa başlayır. Artıq ermənilərin özləri yalanlara inanmırlar. Bu baxımdan düşünürəm ki, bu cür faktlar bir daha göstərir ki, ölkəmizin həqiqətlərinin bütün dünya tərəfindən tanınması prosesi çox sürətlə gedir. Belə bəyanatları biz vaxtaşırı eşidəcəyik. Eyni zamanda bir deputat kimi, rusiyalı həmkarıma obyektivliyinə cəsarətinə, mövqeyinə görə, öz təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, Türkiyənin Kayseri şəhərində açılışı olan Xocalı Parkındakı Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstəsi qoyan Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev xatırladıb ki, 26 il əvvəl Azərbaycanın Xocalı şəhərində dəhşətli faciə törədilib, dinc sakinlərə hücum edilib: “Bu cinayət nəticəsində 613 günahsız insan qətlə yetirilib. Bu, soyqırımıdır. Bunu törədənlər isə indiyədək cəzalarını almayıblar: “Biz hamılıqla çalışmalıyıq ki, Xocalı soyqırımı barədə həqiqətləri bütün dünyaya çatdıraq və bu faciəni törədənlər cəzalarını alsınlar. Türkiyədə təhsil alan xarici tələbələr təmsil etdikləri dövlətlərinin rəhbər şəxslərinə təsir göstərməli, Xocalı soyqırımı ilə bağlı ölkələrinin parlamentlərinə çağırış etməlidirlər. Belə bir vəhşiliyin cəzasız qalmaması üçün təbliğat işlərinə qoşulmalıdırlar”.