"Bölgələrimizlə paytaxtımız arasında heç bir fərq qalmayıb" RƏY-ÖZƏL

23 Oktyabr 2018 11:36 (UTC+04:00)

“Azərbaycan prezidenti İlham Əliyevin bölgələrə səfəri artıq çox gözəl ənənə halını almış hadisədir. İllərdən bəri ölkəmizin rəhbəri elə ay yoxdur ki, hətta ən ucqar bölgəmizə səfər etməsin”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü, deputat Jalə Əliyeva deyib.

O bildirib ki, Prezidentin şəxsən bölgələrə səfəri, məsələlərlə yerindəcə, operativ şəkildə tanış olması əlbəttə ki, bütün sahələrdə ölkəmizin sürətlə inkişafına və xüsusilə də regionların şəhər qədər böyüməsi və inkişafına gətirib çıxaran ən əhəmiyyətli amillərdən biridir.

Deputat söyləyib ki, Prezident İlham Əliyev ilk dəfə 2003-cü ildə xalqın etimadını qazandıqdan sonra söyləmişdi ki, ölkəmizdə rayonlarla şəhər arasında heç bir fərq qalmayacaq, kəndlərimiz də Bakı kimi abadlaşacaq, infrastruktur yenilənəcək: “Ölkə başçısı dediyi fikirlərin hər birinə ötən 15 il ərzində əməl etdi və bu gün həqiqətən də Azərbaycanın rayonları ilə şəhərləri, mərkəz arasında heç bir fərq qalmayıb. Hər hansı rayonumuzun mərkəzinə daxil olduqda, orada böyük abadlıq, quruculuq işlərinin şahidi oluruq”.

Onun sözlərinə görə, iqtisadi infrastrukturun yenilənməsi ilə bərabər rayonda yaşayan insanların həyat tərzi də şəhərdəkilərlə eynidir: “Şəhərdəki həyat səviyyəsi kəndlərimizin də qaçınılmaz atributuna çevrilib. Bütün bunlar əlbəttə ki, Azərbaycanın böyük inkişafının, dövlət qayğısının, himayəsinin göstəricisi, insan amilinə verilən böyük qiymət, ehtiramdır”.

Prezident İlham Əliyevin ötən gün İmişli rayonuna səfərinə toxunan J. Əliyeva qeyd edib ki, orada həyata keçirilən açılış mərasimləri, görüşlərin hər biri İmişlinin timsalından Azərbaycanın durmadan inkişaf etdiyini göstərir: “ Biz əgər İmişlidə “ASAN Xidmət” mərkəzinin açılışı, ən yeni infrastruktur layihələrinin əsasının qoyuluşunun şahidi olduqsa, bu ümumilikdə bütün ölkəmizə şamil edilə biləcək əhəmiyyətli isbat, inkişaf nümayişidir”.

Komitə üzvü qeyd edib ki, Prezident İlham Əliyevin İmişliyə səfəri zamanı robot “Sofiya”nın dövlət başçısının qarşısındakı çıxışı və ölkəmiz haqqında fikirlərini dünyanın Azərbaycan haqqında fikirləri kimi qəbul edə bilərik: “Çünki, robotun milliyyəti, vətəni yoxdur, o müasir texnologiyanın, texnikanın, insan beyninin əsəridir. Əgər bu gün o robot insan beynini özündə təcəssüm etdirirsə, bu, bir insanın deyil, ümumilikdə inkişafın nümunəsidir. Əgər robot Azərbaycan haqqında müsbət fikirləri özündə ehtiva edir, söyləyirsə, bu o deməkdir ki, onun beyninə yerləşdirilən fikirlərin özü tam olaraq ölkəmiz haqqında olan fikirlərdir. Onu yaradanın insan olduğunu nəzərə alsaq, fikirlər də insanlar tərəfindən yaradılıb. Bu da o deməkdir ki, onun arxasında minlərlə, milyonlarla yüksək düşüncə tərzinə malik olan, savadlı insanların beyni dayanır və bu fikirlər həmin şəxslərə aiddir”.