“Türk Hava Yolları” Bakıdan İstanbulun yeni aeroportuna uçuşlara başlayır

22 Oktyabr 2018 22:05 (UTC+04:00)

Dünya üzrə 300-dən çox istiqamətə uçuşlar həyata keçirən “Türk Hava Yolları” şirkəti noyabrın 8-dən İstanbulun yeni hava limanından Bakıya və əks istiqamətə uçuşlara start verir.

Bu barədə “Report”a şirkətdən məlumat verilib. Hər gün həyata keçiriləcək aviareyslər üçün tətbiq ediləcək endirimli qiymətlərə əsasən, İstanbul-Bakı-İstanbul istiqamətində aviabiletlərin onlayn satış zamanı qiyməti 82 avrodan (təxminən, 164 AZN), Bakı-İstanbul-Bakı istiqamətində isə 109 avrodan (təxminə, 218 AZN) başlayır. İstanbuldan Bakıya uçuşlar hər gün saat 09:25-də (Bakıya çatma vaxtı – 13:15), əks istiqamətdə isə 14:10-da (İstanbula çatma vaxtı – 16:30) həyata keçiriləcək. Biletin qiymətinə 30 kq baqaj və 8 kq əl yükü də daxildir.

Qeyd edək ki, İstanbul Yeni Hava Limanına yerinə yetiriləcək uçuşlar hazırda Atatürk və Sabiha Gökçen hava limanlarından Bakıya yerinə yetirilən uçuşlara əlavə olaraq həyata keçiriləcək və bu uçuşlar həmişəki qaydada davam edəcək. Eyni zamanda bu hava limanlarından yerinə yetirilən digər tranzit reyslərin (Avropa, Asiya, Amerika və s.) cədvəlində də hər hansı bir dəyişiklik yoxdur.

Bildirək ki, endirimli qiymətlərlə biletlər yalnız 29 dekabr 2018-ci il tarixinədək əldə edilə bilər və səyahət sözügedən tarixədək həyata keçirilməlidir.

Xatırladaq ki, 1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın üzvüdür və bütün dünyada 302 istiqamət üzrə uçuşlar yerinə yetirən (253 beynəlxalq və 49 daxili) və 326 (sərnişin və yük) avialaynerdən ibarət olan 4 ulduzlu aviaşirkətdir.