Azərbaycan və Türkiyə bütün dünyaya həmrəylik nümunəsi göstərir TƏHLİL

22 Oktyabr 2018 16:26 (UTC+04:00)

Türkiyə və Azərbaycan XXI əsrin enerji tarixini birlikdə yazır

Ümumi neft emalı gücü 10 milyon ton, əsas xammal tədarükçüsü Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR olan “Star” zavodu Avropa, Yaxın Şərq və Afrika bölgələrində ən böyük müəssisələrdən biridir. “Star” neft emalı zavodu Türkiyədə özəl sektorun ən böyük investisiya layihəsidir və xüsusilə qeyd etmək lazımdır ki, SOCAR 19,5 milyard dollarlıq investisiya paketi ilə Türkiyə tarixində ən böyük xarici sərmayəçidir. Bir sözlə SOCAR müxtəlif layihələrə yatırılan sərmayələr nəticəsində Türkiyənin ən böyük investoruna çevrilib.
Həyata keçirilmə müddətində 19 min 500 işçinin çalışdığı bu layihə Azərbaycanın bölgədə reallaşdırdığı nəhəng, qlobal layihələrindən heç də geri qalmır. Əksinə, istehsala başladığı zaman 1100 nəfərin yeni iş yeri ilə təmin olunacağı, neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracağı “Star”, strateji məhsulların istehsalında əhəmiyyətli rola malikdir. Türkiyənin idxaldan asılılığını əhəmiyyətli dərəcədə azaltmaqla ölkə iqtisadiyyatına 1,5 milyard dollar əlavə gəlir qazandıracaq bu müəssisə çox böyük enerji layihəsidir. Türkiyə və Azərbaycan iqtisadiyyatına mühüm fayda verməklə yanaşı, bu zavod təbii ki, bölgənin rifahını da yüksəltmiş olacaq.

“Star” neft emalı zavodu layihəsi Azərbaycan-Türkiyə dostluğunun əbədi və sarsılmaz olduğunu bir daha təsdiq edir

“Star” neft emalı zavodunun iqtisadi səmərəliliyi sözsüz ki, kifayət qədər çoxdur və hər iki ölkənin maliyyə imkanlarının hər il əhəmiyyətli dərəcədə artmasına vercəyi tövhələr də danılmazdır. Təbii ki, iqtisadi yüksəliş, iqtisadi inkişaf dövlətlərin hər sahədə inkişafını təmin edir və iqtisadiyyatı güclü olan ölkə güclü ölkədir. Məsələ burasındadır ki, bu layihə təkcə iqtisadi səmərəliliyi ilə xarakterizə edilə bilməz. İndi bu layihə, yəni “Star” neft emalı zavodunun istismara hazır olması, istifadəyə verilməsi dünya ictimaiyyətinin diqqət mərkəzindədir. İki qardaş ölkəni biri-biri ilə daha da yaxınlaşdıran bu layihə Azərbaycan-Türkiyə dostluğunun əbədi və sarsılmaz olduğunu bir daha təsdiq edir. Bir daha təsdiq edir ki, biz eyni köklər üzərində böyüyən ulu bir çinarın budaqlarıyıq və həmin çinarın kölgəsi həyata keçirilən layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzanır.
Hazırda XXI əsrin enerji tarixini Türkiyə və Azərbaycan birlikdə yazır və bu tarixi əhəmiyyətli layihələr iki ölkənin ağıl, iradə və güc birliyi ilə reallaşır. Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, TANAP, “Star” neft emalı zavodu layihələri Türkiyə-Azərbaycan münasibətlərinin bağlarını daha da möhkəmləndirir. Bu qlobal əhəmiyyətli, bütün Qafqazın, Orta Asiyanın və hətta Avropanın enerji təhlükəsizliyinə töhfələr verən layihələr Azərbaycan-Türkiyə qardaşlığının timsalında dostluq rəmzi hesab olunmaqdadır. Həmin layihələr ölkələrimiz arasındakı münasibətlərin “Bir millət, iki dövlət” anlayışına sadiqliyini bir daha təsdiq edir. Eyni zamanda təsdiq edir ki, bir-birinin ardınca möhtəşəm layihələrə imza atmaq, həmin layihələri reallaşdırmaq üçün hər iki ölkənin liderlərində, dövlət başçılarında güclü siyasi iradə var və hər bir məqsədə, hər bir hədəfə uğurla çatmaq əzmindədirlər.

Qlobal layihələrin reallaşması iki qardaş ölkə arasındakı münasibətlərin əbədiyyətə daşınması deməkdir və bizim birliyimiz gücümüzü ifadə edir

Türkiyə və Azərbaycan arasındakı dostluq, qardaşlıq münasibətləri indi bütün dünya ölkələri üçün sözün əsl mənasında örnəkdir. İndi bütün ölklələr regional və qlobal sabitliyə həmrəyliklə nail olmağın mümkünlüyünü görürlər və etiraf etmək məcburiyyətindədirlər ki, belə həmrəylik əmin-amanlığa öz tohfəsini verməkdədir. Ölkələrimiz arasındakı bu səmimi münasibətlər və bu münasibətlərdən doğan şəffaf mənzərə iqtisadi sabitliyin təmin edilməsi üçün ən gözəl nümunə olaraq dünya ölkələrinin diqqətindən yayınan deyil. Bu nümunə təsdiq edir ki, asılılıq, himayəçilik, ticarət müharibələri deyil, əməkdaşlıq və həmrəylik daha doğru, daha effektiv yoldur.
Azərbaycanın Türkiyə ilə daha da yaxınlaşması əslində düşmənlərimiz üçün, torpaqlarımızı işğal edənlər və onlara dəstək verənlər üçün heç də arzuolunan deyil. Dünya miqyasında söz sahibi olan Türkiyə ilə münasibətlərin daha da dərinləşməsi indi çoxlarının yuxusunu ərşə çəkib. Bütün dünyanın hesablaşdığı Türkiyə ilə daha isti münasibətlərin qurulması, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, TANAP, “Star” neft emalı zavodu kimi layihələrlə bu münasibətlərin əbədiyyətə daşınması bizim birliyimizi ifadə edir, güclü olduğumuzu təsdiqləyir. Təsdiq edir ki, bizim gücümüz birliyimizdədir. Türkiyə və Azərbaycanın birgə həyata keçirdiyi layihələr ölkələrimizin regional gücə çevrilməsini şərtləndirir. Dünyanı böhranlar, ticarət müharibələri bürüdüyü bir zamanda bir-birinin ardınca reallaşdırılan nəhəng layihələr ölkələrimizin öz hədəflərinə yaxınlaşdığını sübut edir.
Azərbaycanın və Türkiyənin indi bölgədəki təhlükəsizliyə, sabitliyə verdiyi töhfələr dünya ictimaiyyəti tərəfindən etiraf edilir. Bu iki qardaş ölkənin hər zaman bir yerdə olduğu artıq çoxdandır ki, hamı tərəfindən qəbul edilməkdədir. Türkiyənin dərdi Azərbaycanın, Azərbaycanın dərdi isə Türkiyənin dərdi hesab olunur. İndi Dağlıq Qarabağ təkcə bizi deyil, Türkiyəni də narahat edən məsələ hesab olunur və bu münaqişəyə daha həssas yanaşılır.

Sabitliyin, əmin-amanlığın təmin olunması qaydaları istisnasız bütün dövlətlər üçün tətbiq edilməzsə, kimsə gələcəyinə əminliklə baxa bilməz

Təsadüfi deyil ki, Türkiyənin Prezidenti Cənab Tayyib Ərdoğan öz nitqində düşmənlərimizə, eləcə də bütün dünyaya nesaj ünvanlayır ki, Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz. Türkiyənin Prezidenti açıq şəkildə bəyan edir ki, Türkiyənin və Azərbaycanın bu münaqişənin həlli istiqamətində göstərdiyi təşəbbüslərə beynəlxalq ictimaiyyət daha səssiz qalmamalıdır. Eyni zamanda diqqətə çatdırır ki, BMT başda olmaqla regional və qlobal problemlərin həlli üçün qurulan təşkilatların bu səssizliyi onların özlərini də məhvə sürükləyir. Haqq-ədalət duyğusundan uzaq, içi boş olan beynəlxalq qurumun heç bir cəmiyyətin və şəxsin gözündə etibarı qalmayacağını da xatırladır öz nitqində. Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara beynəlxalq ictimaiyyətin “Dur!” deməsini gözləyirik deyən Cənab Tayyib Ərdoğan, həmçinin vurğulayıb ki, sabitliyin, əmin-amanlığın, rifahın təmin olunması qaydaları istisnasız bütün dövlətlər üçün tətbiq edilməzsə, kimsə gələcəyinə əminliklə baxa bilməz. Qardaş ölkənin Prezidenti əslində çox aydın şəkildə mesaj verir və bildirir ki, Türkiyə və Azərbaycan olaraq biz istənilən vəziyyətdə və şərtlər altında inandığımız dəyərlər uğrunda apardığımız birgə mübarizəni davam etdirəcəyik.
Türkiyə Prezidenti Cənab Tayyib Ərdoğanın “Star” neft emalı müəssisəsinin açılışında ifadə etdikləri, əslində yuxarıda qeyd etdiyimiz kimi çox sadə və aydın şəkildə anlaşılacaq bir mesajdır. Bu mesaj bütün dünyaya ünvanlanıb və bununla xatırladılır ki, Azərbaycanın haqq işi, torpaqlarının işğaldan azad olunması, geri qaytarılması yolunda qardaş Türkiyə Azərbaycanın yanındadır. Xatırladılır ki, Azərbaycanın dəyərləri Türkiyənin dəyərləridir və biz bu dəyərlər uğrunda mübarizəmizi birgə aparırıq.

Göründüyü kimi, “Star” neft emalı müəssisəsi yalnız iqtisadi səmərəliliyi ilə xarakterizə edilə bilməz və bu layihənin əhəmiyyəti daha çox təhlükəsizliyin, sabitliyin təmin edilməsi ilə ölçülməlidir. Regionda təhlükəsizliyin təmin edilməsi, ələlxüsus hazırki dönəmdə, yəni məhz bölgədə işğalçıların separatçılıq siyasəti yürütdüyü bir vaxtda daha önəmlidir. Bu baxımdan iki qardaş ölkə arasında həmrəyliyin, əməkdaşlığın daha da genişləndirilməsi xüsusilə təqdirəlayiqdir. Nəinki Ermənistan kimi səfalət içində olan işğalçı kiçik bir ölkə, eləcə də bütün dünya ölkələri indi çox yaxşı başa düşürlər ki, Azərbaycan-Türkiyə qardaşlığı, əməkdaşlığı, birliyi inkar edilə bilməz və bu birlik ölkələrimizin gücündən xəbər verir. Çox yaxşı başa düşürlər ki, iki qardaş ölkənin əməkdaşlığı, həmrəyliyi, birlyi artdıqca onların güçü durmadan artır və bu birliyin, bu gücün və qüdrətin qarşısında heç bir qüvvə dayana bilməz.