"Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir”

22 Oktyabr 2018 14:10 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin noyabr-dekabr ayları ərzində respublikamızın 69 şəhər və rayonunun orta ümumtəhsil məktəblərində “Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir” mövzusunda tədbirlərin təşkil edilməsi planlaşdırılıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, əmək bazarında rəqabətə davamlı yüksək ixtisaslı kadrlara yaranan və daim artan tələbatı ödəmək məqsədilə orta məktəbdən başlayaraq gənclərin yaradıcı əməyə hazırlanması, onlar arasında peşə və ixtisaslara meyllərin əmək bazarının tələblərinə uyğun formalaşdırılması xüsusi önəm kəsb edir. Peşəkar psixoloq və peşəyönümü mütəxəssislərinin iştirakı ilə “Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir” mövzusunda təşkil olunacaq tədbirlər də bu məqsədə yönəlib.

Peşəyönümü işinin təkmilləşdirilməsi, bu sahədə rayon (şəhər) Məşğulluq Mərkəzlərinin potensialının gücləndirilməsi, müvafiq sahədə çalışan əməkdaşların bilik və bacarıqlarının artırılması işləri də davam etdirilir. Bu məqsədlə son günlərdə Göyçay Regional Peşə Tədris Mərkəzində rayon (şəhər) Məşğulluq Mərkəzlərinin əməkdaşları üçün ekspert və psixoloqların iştirak etdiyi 6 günlük təlimlərə başlanılıb. Təlimlər digər bölgələrdə də davam edəcək.