ADU-nun Konfutsi İnstitutu Beynəlxalq çay festivalında təmsil olunub FOTO

22 Oktyabr 2018 11:15 (UTC+04:00)

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşları ikinci Beynəlxalq çay festivalında iştirak ediblər. ADU-dan SİA-ya verilən məlumata görə, Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən Beynəlxalq Kulinariya Günü münasibətilə keçirilmiş festivalda qonaqlar Çin çay dəmləmə mərasimində iştirak ediblər və onlara məşhur yaşıl Çin çayı təqdim olunub. Daha sonra Çin çay dəmləmə qaydaları haqqında film göstərilib.

Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çin və Azərbaycan mətbəx ənənələrinin milli mədəniyyətin mühüm tərkib hissəsi olduğunu qeyd edib. O, Azərbaycanın rəngarəng və özünəməxsus mətbəxini Çin ictimaiyyətinə təqdim etməyin Konfutsi İnstitutunun fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu deyib.

Tədbirdə Konfutsi İnstitutunun tələbələri və müəllimləri ənənəvi Çin mahnıları və bambuklu fleyta ifasında qədim Çin musiqisindən ibarət konsert proqramı ilə çıxış edib, eləcə də Çin mətbəxi nümunələri ilə kulinariya tədbirlərində yaxından iştirak ediblər.

Xatırladaq ki, Konfutsi İnstitutunun əməkdaşları Azərbaycanda keçirilən Beynəlxalq Qəbələ mürəbbə festivalı və Xaçmaz dolma festivalının mükafatçıları olublar.