Xəstələnmə riski yüksək olan uşaqlarla bağlı yeni sənədlər hazırlanacaq

22 Oktyabr 2018 10:55 (UTC+04:00)

Azərbaycanda dispanser qeydiyyatında olan və xəstələnmə riski yüksək olan uşaqların sanatoriya və bərpa müalicəsinə göndərilməsi mezanizmlərinə dair normativ sənədlər hazırlanacaq. Səhiyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyevin "Uşaqların icbari dispanserizasiyası işinin gücləndirilməsi barədə" verdiyi əmrə əsasən, 2018-2019-cu illər ərzində dispanser qeydiyyatında olan və xəstələnmə riski yüksək olan uşaqların sanatoriya və bərpa müalicəsinin təşkili məqsədilə nazirliklərarası işçi qrupun yaradılması və həmin uşaqların bu tip müalicəyə göndərilməsi mezanizmlərinə dair normativ sənədlərin hazırlanması və razılaşdırılması nəzərdə tutulur.

Bununla yanaşı, xəstə və xəstələnmə riski olan uşaqların sanatoriya və bərpa müalicəsinin təşkili üzrə beynəlxalq təcrübəyə əsaslanaraq metodik tövsiyələr işlənib hazırlanacaq. Sanatoriya və bərpa müalicəsinə göndərilmiş belə uşaqların vahid registrdə uçotu və qeydiyyatı aparılacaq.

Sosial xidmət müəssisələrinə yerləşdirilmiş çətin həyat şəraitində olan xəstə və xəstələnmə riski olan uşaqların müalicəsinin təşkili məqsədilə həmin uşaqlar ərazi üzrə tibb müəssisələri tərəflndən vahid registrdə qeydiyyata alınacaq və onların müalicəsi təmin ediləcək.