Misir mətbuatı Azərbaycanın Fələstin xalqına yardım etməsindən yazır

21 Oktyabr 2018 20:01 (UTC+04:00)

Azərbaycanın Fələstin xalqının çətin günlərində hər zaman yanında olduğunu və İslam həmrəyliyinə sadiqliyini nəzərə alaraq, hazırda ciddi maliyyə çətinlikləri ilə üzləşən Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə 200 min ABŞ dolları məbləğində yardım etməsi Misirin kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, yayılan xəbərlərdə ölkəmizin bu addımı təqdir edilir. Həmçinin Azərbaycanın terrorun bütün forma və təzahürlərini pislədiyi, torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu bildirilir. Bundan başqa, ermənilərin törətdikləri yüzlərlə terror aktı nəticəsində çoxlu sayda azərbaycanlının həlak olduğu diqqətə çatdırılır.