Qılıncoynadanımız beynəlxalq turnirdə bürünc medal qazanıb

21 Oktyabr 2018 13:00 (UTC+04:00)

Antalyada qılıncoynatma üzrə "B" kateqoriyalı "Satellite" turnirinə yekun vurulub. SİA xəbər verir ki, sablya üzrə qadınlardan ibarət yığma komandamızın üzvü Səbinə Kərimova turnirin bürünc medalını qazanıb.

Qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-də qələbə qazanan idmançımız uğurlu çıxışın davamını pley-offda da gətirib. Səkkizdəbir finalda digər təmsilçimiz Aysel Əhədovaya qalib gələn S.Kərimova növbəti mərhələdə Türkiyə idmançısı Aylin Çakırı məğlub edib. Yarımfinala yüksəlməklə turnirin bürünc medalını təmin edən sablyaçımız finalın bir addımlığında polşalı Marta Pudaya uduzub. Digər təmsilçilərimizdən turnirin 1/4 finalınadək irəliləyən Sevil Bünyatova yarışı 5-ci sırada tamamlayıb. Mübarizəni 1/8 finalda dayandıran Sevinc Bünyatova da ilk 10-luqda yer almağı bacarıb.