Seçki məntəqələri yaxınlığında 15 partlayış törədilib

20 Oktyabr 2018 17:34 (UTC+04:00)

Əfqanıstanın paytaxtı Kabildə seçki məntəqələrində baş verən bir neçə partlayış nəticəsində azı 3 nəfər həlak olub, 30 nəfərə qədər insan isə yaralanıb. SİA TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Əfqanıstan Səhiyyə Nazirliyi ümumilikdə paytaxtdakı seçki məntəqələrinin yaxınlığında təxminən 15 partlayış törədildiyini deyib. Daxili İşlər Nazirliyi isə Kabildə deyil, bütün ölkə ərazisində əldəqayırma partladıcı qurğudan istifadə edilməklə 15 insidentin baş verdiyini bildirib.

Əfqanıstanda oktyabrın 20-də yerli vaxtla saat 07:00-da Xalq palatasına (parlamentin aşağı palatası) seçkilər başlayıb. Respublikanın 34 əyalətindən 32-də səsvermə məntəqələri fəaliyyətə başlayıb. Qəndəhar və Qəzni regionlarında isə təhlükəsizlik səbəbindən seçkilər təxirə salınıb. “Taliban” hərəkatının oktyabr seçkilərini pozacağı barədə təhdidləri fonunda güc strukturları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Seçki günündə təhlükəsizliyi 70 mindən çox polis və hərbçi təmin edir.

Səsverməyə qədər baş verən bir neçə hücum nəticəsində 100-dən çox insan, o cümlədən deputatlığa 10 namizəd həlak olub.

Əfqanıstan parlamentinə sonuncu dəfə 2010-cu ildə keçirilmiş seçkilər çoxsaylı qanun pozuntuları və taliblərin seçki məntəqələrinə hücumları ilə müşayiət olunmuşdu.

Seçkilərin ilkin nəticələrinin noyabrın birinci ongünlüyündə, yekun nəticələrin isə dekabrın 20-də açıqlanacağı gözlənilir.