AİDA-nın fəaliyyətinin təqdimatı keçirilib FOTOLAR

20 Oktyabr 2018 12:01 (UTC+04:00)

İndoneziya hökumətinin İslam İnkişaf Bankı (İİB) ilə birgə 18-19 oktyabr 2018-ci il tarixlərində Balidə təşkil etdiyi “İslam Əməkdaşlıq Təşkilatı üzv ölkələri beynəlxalq inkişaf agentliklərinin 3-cü Dialoq Görüşü”ndə Azərbaycan nümayəndəsi iştirak edib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) əməkdaşı Etibar Kərimov ölkəmizin milli donor institutu olan AİDA-nın həyata keçirdiyi proqram və layihələrindən bəhs edib, Cənub-cənub əməkdaşlığı çərçivəsində İİB-lə birgə təşkil olunmuş fəaliyyət haqqında iştirakçılara məlumat verib. E.Kərimov həmçinin davamlı inkişaf və beynəlxalq donorluq sahələrində ölkəmizin uğurlu təcrübəsinin mövcud olduğunu və həmin sahələrdə iştirakçı dövlətlərin Azərbaycanın təcrübəsindən faydalana biləcəyini qeyd edib.

Tədbir zamanı ölkəmizin donor ölkəsi kimi təcrübəsi maraqla qarşılanıb, konkret sahələrdə əməkdaşlığın edilməsi məqsədilə təkliflər irəli sürülüb.

Məlumat üçün qeyd etmək istərdik ki, konfransın təşkilində əsas məqsəd Cənub-cənub əməkdaşlığının rolunun müzakirəsi, İİB üzv dövləri arasında bu istiqamətdə təcrübə və fikir mübadiləsinin sürətlənməsindən ibarətdir. Tədbirdə İİB üzv ölkələrin inkişafa yardım milli agentlikləri, aparıcı beynəlxalq təşkilatlar, eləcə də elmi dairələrin, özəl sektor və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.