MTRŞ-nin növbəti iclası keçirilib

19 Oktyabr 2018 18:10 (UTC+04:00)

Oktyabrın 19-da Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Milli Televiziya və Radio Şurası Aparatından SİA-ya bildiriblər ki, iclasda teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinə teleradio yayımçıları tərəfindən əməl edilib-edilməməsi məsələsi müzakirə olunub.

İclasda, eyni zamanda, “Caspium Group” MMC-nin xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün lisenziya alınması barədə müraciətinə baxılıb. “Caspium Group” MMC ilə KREA İÇERİK HİZMETLERİ VE PRODÜKSİYON A.Ş. (DİGİTURK) arasında bağlanmış 2018-ci il 3 avqust tarixli Distribütörlük Müqaviləsinə əsasən, DİGİTÜRK-ə məxsus teleradio məhsullarının (DİGİPAKET) satış hüququnun Azərbaycan ərazisində “Caspium Group” MMC-yə məxsus olduğu müəyyən edilib və ona xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün müddətsiz lisenziya verilib.

Həmçinin “Roberts Cafe” MMC barəsində başlanılmış inzibati icraata dair işə baxılıb və ona xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün verilmiş lisenziyanın qüvvəsinə xitam verilib.